27 DEKABR 2022
Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə keçiriləcək təlimlərin müzakirəsi aparıldı
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 27 dekabr 2022-ci il tarixdə İSİM mütəxəssislərinin, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanovanın, mama-ginekoloqların iştirakı ilə 2023-cü ilin başlanığıc aylarında keçiriləcəyi nəzərdə tutulan mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə təlimlərin müzakirəsi aparıldı.
Həkim ginekoloq və mama-ginekoloqlar üçün keçiriləcək təlimlərdə iştrakçılar mamalıqda baş verə biləcək ağırlaşmaların qarşısını almaqda yeni təcrübələri öyrənəcək, təcili vəziyyətlərdə daha effektiv müdaxilə prinsiplərinə yiyələnəcək və son tədqiqatlara əsaslanan müasir təxirəsalınmaz yardımın əsaslarından məlumat alacaqlar.
Eyni zamanda növbəti ildə “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım” adlı təlimat kitabının yenilənəcəyi gözlənilir. Təlimat Amerika Ailə Həkimləri Akademiyası (AAFP) Viskonsin Universitetinin Ailə Təbabəti Departamenti və 1991-ci ildə yaradılmış ailə həkimləri, mama-ginekoloqlar və tibb bacılarından ibarət ALSO İnkişaf Qrupu tərəfindən hazırlanan təlimatın əsasındadır. Təlimatda dölün intranatal monitorinqi, vaxtından əvvəl doğuş və doğuşdan əvvəl döl qişalarının cırılması, hamiləlik dövründə hipertenziv vəziyyətlər, qanaxma, doğuşun distoniyası, sepsis, qeysəriyyə kəsiyi və digər mövzular yer alır.