23 DEKABR 2022
“Gənclik Mall” Ticarət Mərkəzində maarifləndirici-tibbi aksiya keçirildi
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə 23 dekabr 2022-ci ildə “Gənclik Mall” Ticarət Mərkəzində əhali üçün maarifləndirici-tibbi aksiya keçirildi.
Aksiya iştirakçılarına mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəlikləri haqqında məlumat verildi. Bildirildi ki, son illər dünyada ürək-damar sistemi xəstəliklərinin cavanlaşması müşahidə olunur, bu da səhv qidalanma, qeyri-sağlam həyat tərzi, ətraf mühitin və ekologiyanın çirklənməsi, həmçinin, vətəndaşların vaxtında müvafiq profilaktik müayinələrdən keçməməsi ilə əlaqədardır.
Aksiya çərçivəsində portativ aparatlar vasitəsi ilə vətəndaşlar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının müəyyən olunması) dəvət edildilər, onlara həkim və kardioloqlar, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verildi.