17 DEKABR 2022
Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğunun nəticələri müzakirə edildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 16 dekabr 2022-ci il tarixdə “Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğu”nun yekun nəticələrinə həsr edilmiş dəyirmi masa oldu.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək bildirdi ki, sorğunun keçirilməsində əsas məqsəd əhalinin sağlamlıqla bağlı məlumatlılığının səviyyəsini, o cümlədən xəstəliklərin qarşısının alınması və profilaktikası, tibbi anlayışlar, pasiyent hüquqları və s. məsələlər barədə bilik və bacarıqlarını müəyyən etmək idi.
İSİM-in Səhiyyə texnologiyaları və teletəbabət şöbəsinin müdiri Samir Mehdiyev sorğunun nəticələri ilə bağlı geniş təqdimatla çıxış etdi. O, bildirdi ki, tədqiqatda min nəfər respondent iştrak edib və hər biri 27 suala cavab verib. Nəticələrə əsasən, iştrakçıların 18,9 faizi ümumi sağlamlıq məlumatlarının qavranılması və təhlilində çətinlik çəkmədiklərini qeyd edib. Sorğu nəticələri göstərir ki, təhsil səviyyəsi yüksək olan iştrakçılar arasında sağlamlıqla bağlı məlumatlılıq daha yüksək səviyyədədir.
Təqdimatdan sonra iştrakçıları maraqlandıran suallar cavablandırıldı və səmərəli fikir mübadiləsi aparıldı.