24 NOYABR 2022
Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə 24 noyabr 2022-ci ildə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə təşkil olunan tədbirin məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirilmənin aparılması idi.
ATU-nun İctimai səhiyyə fakültəsinin tələbələri, müəllimləri və dekan müavini Qalina Qəniyevanın iştirakı ilə keçən tədbiri giriş sözü ilə fakültənin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri dosent İbrahim Əhmədov açaraq bu sahədə aparılan təbliğat və təşviqat tədbirlərinin əhəmiyyətini vurğuladı: “Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasına nail olmaqdır”.
İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda geniş təqdimatla çıxış edərək bildirdi ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Dünyada təxminən hər il 700 min insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa Birliyinin payına düşür. Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir Sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir. “Bir Sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir”. Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda interaktiv oyunla davam etdi. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq mövzuya dair geniş məlumat əldə etdilər.
Yekunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və maarifləndirici materiallar təqdim olundu.