2 NOYABR 2022
Məktəblilər sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırıldı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2 noyabr 2022-ci ildə Bakı şəhəri 232 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəbliləri sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırmaq idi.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatla çıxış edərək bildirdi ki, məktəbəqədər və məktəbyaşlı uşaqlar hər gün ən azı dörd dəfə qida qəbul etməli, qida qəbulları arasında meyvə və tərəvəzlər yeyilməlidir.
İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Düzgün qamət. Skoliozun profilaktikası” mövzusunda geniş təqdimatla çıxış etdi. O bildirdi ki, məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinməsi ağır çantaların birtərəfli daşınması, fiziki fəallığın az olması ilə bağlıdır.
Məktəblilərə sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, fiziki aktiv olmaq tövsiyə olundu.
Yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.