11 NOYABR 2022
“Sağlamlığı təşviq edən məktəblər” layihəsi üzrə maarifləndirici tədbirlər keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Sağlamlığı təşviq edən məktəblər” layihəsinin icrasını davam etdirərək, 2-10 noyabr 2022-ci il tarixdə 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə maarifləndirici tədbirlər keçirdi.
İSİM-in mütəxəssisləri – Ülkər Camalova, Lətafət Dadaşova, Zümrüd Kazımova, Pərvin Quliyeva və Gülnarə Cəfərova şagirdlər qarşısında “Zərərli vərdişlər”, “Qurd xəstəliklərinin profilaktikası” ,”Uşaqlara qarşı kobud davranış”, “Düzgün qamət. Skoliozun profilaktikası”, “Ağız boşluğunun gigiyenası”, “Sağlam qidalanma” mövzuları üzrə geniş təqdimatlarla çıxış etdilər.
Tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulandı, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.