3 NOYABR 2022
“Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 3 noyabr 2022-ci ildə “Yaşa” mərkəzində “Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirildi.
“Üçüncü bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirin məqsədi ahıl yaşlı insanlar arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq idi.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva təqdimatla çıxış edərək bildirdi ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində geniş maarifləndirilmə aparılır: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən sağlam həyat tərzi təbliğ olunur, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etməyin vacibliyi bir daha izah edilir”. O vurğuladı ki, zərərli vərdişlərin yaratdığı asılılıqdan xilas olmaq hər yaşda mümkündür və sağlam həyat tərzi seçmək heç vaxt gec deyil.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu diqqətə çatdırdı: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Təəssüf ki, onların 1 milyonu paasiv tütünçəkmənin qurbanlarıdır”.
Birliyin nümayəndəsi Narxanım Paşayeva çıxış edərək, zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit və cəmiyyət üçün mənfi təsir göstərdiyini bildirdi və səhiyyə işçilərinin sağlam həyat tərzinin təşviqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirici materiallar təqdim olundu.