13 OKTYABR 2022
İSİM-in direktoru Qəhrəman Haqverdiyev Gürcüstanda risk kommunikasiyası üzrə keçirilən görüşdə iştirak etdi
Gürcüstanın Tiblisi şəhərində 10-12 oktyabr 2022-ci il tarixdə “Səhiyyə sahəsində fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələr və risk kommunikasiyası” mövzusunda görüş keçirildi.
Görüş Avropa İttifaqının təşəbbüsü ilə Şərq regionu tərəfdaşlarının altı ölkəsində (Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Ukrayna və s.) keçirilən “Sağlamlıq naminə həmrəylik: COVID-19pandemiyası problemlərinin həlli. Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində baş tutdu. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər arasında keçirilən görüşün əsas məqsədi ölkələrdə risk kommunikasiyası və ictimaiyyətlə əlaqələr sahəsində həm qısa, həm də uzun müddətli dövr üçün prioritet tədbirləri müzakirə etmək, fövqəladə hallar zamanı ictimaiyyətlə əlaqələrin daha səmərəli qurulması istiqamətində iştrakçıların bilik və bacarıqlarının artırılması idi.
Azərbaycan nümayəndə heyətində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Qeyri Hökumət Təşkilatları və ÜST-nin nümayəndələri təmsil olunurdu.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev COVID-19 pandemiyası dövründə ölkəmizdə görülən işlər, səhiyyə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. O, geniş təqdimatla çıxış edərək, Azərbaycanda COVID-19 ilə bağlı davranış anlayışları: pandemiyaya qarşı adekvat cavab tədbirləri üçün biliyin, risk qavrayışlarının, profilaktik davranışların və etibarın monitorinqi üzrə ölkəmizdə aparılan tədqiqatdan söz açdı. Bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İSİM tərəfindən ÜST-nin dəstəyi ilə aparılan bu tədqiqatda sorğu vərəqindən istifadə etməklə məlumatlar kompüter vasitəsilə telefonla müsahibələr üsulu ilə yeddi mərhələ ərzində toplanaraq təhlil olunur. Q.Haqverdiyev nəzərə çatdırdı ki, bu nəticələr pandemiyaya qarşı cavab tədbirlərinin həyata keçirilməsinə öz töhfəsini verməklə yanaşı, həm də əhali arasında sağlamlığın qorunması ilə bağlı maarifləndirilmənin əhəmiyyətini bir daha təsdiq edir.
Görüşdə ölkə təcrübələri və yeni tövsiyələr ətrafında səmərəli fikir mübadiləsi aparıldı.