8 İYUL 2022
“Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici aksiya oldu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin iştirakı ilə 8 iyul 2022-ci ildə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici təşviqat aksiyası keçirildi.
Şirkətin nümayəndəsi, İstehsalat əməliyyatları direktoru İsa Əliyev, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək bildirdilər ki, aksiyanın təşkilində məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmaqdır.
Vurğulandı ki, narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verildi və bildirildi ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil.
Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.
Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.