8 İYUL 2022
Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirici tədbir keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində 8 iyul 2022-ci ildə maarifləndirici tədbir keçirildi.
Şirkətin nümayəndəsi İstehsalat əməliyyatları direktoru İsa Əliyev giriş sözü ilə çıxış edərək, idarə və müəssisələrdə zərərli vərdişlərə qarşı təşkil olunan tədbirlərin əhəmiyyətini vurğuladı.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirdi: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında geniş təbliğat aparılır, paytaxtda və regionlarda əhalinin sıx olduğu məkanlarda, o cümlədən iş yerlərində silsilə maarifləndirmə tədbirləri təşkil edilir. İzah olunur ki, zərərli vərdişlər yalnız sağlamlığa deyil, həm də inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə mənfi təsir göstərir”.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu diqqətə çatdırdı: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Narkotiklərin fəsadları isə daha ağırdır. Narkotik maddələrin istifadəsi qısa zamanda fiziki və psixi asılılıq yaradır, əmək qabiliyyətini aşağı salır, oğurluğa və zorakılığa sövq edir, İİV, QİÇS və Hepatit B xəstəliklərinin yayılmasına səbəb olur”.
Tədbirdə vurğulandı ki, zərərli vərdişlərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda nəzərə çatdırıldı ki, yaratdığı asılılığa baxmayaraq, zərərli vərdişlərdən xilas olmaq mümkündür və bu, heç vaxt gec deyil.