24 İYUN 2022
İSİM-in nümayəndələri Bişkek şəhərində qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə keçirilən tədbirdə iştirak etdilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən 21-22 iyun 2022-ci il tarixdə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində piylənməyə nəzarət, qidalanma, qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası siyasəti üzrə dialoqun genişləndirilməsi və bu istiqamətdə görülən tədbirlərin analizinin aparılması məsələlərinə dair tədbir keçirildi. Tədbirdə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri, səhiyyə və tibb işçiləri, ictimai səhiyyə mütəxəssisləri və ekspertlər təmsil olunurdu. Səhiyyə Nazirliyi İctimai Səhiyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və analiz şöbəsinin müdiri İnara Makayeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, QİX üzrə proqram rəhbəri Elturan İsmayılov, TƏBİB-in nümayəndələri – Ceyran Abdullayeva və Zülfiyyə Kazımzadə tədbirdə iştirak etdilər.
ÜST-nin QİX-in qarşısının alınması və nəzarəti üzrə Avropa Bürosunun rəhbəri vəzifəsini icra edən Kremlin Vikramasinqhe və digər ekspertlərin çıxışlarında bir daha vurğulandı ki, QİX regionda və ümumən dünyada insan sağlamlığına təhlükə yaradan əlilliyin, xəstəlik və ölümlərin başlıca səbəbi hesab olunur. Ekspertlərin görülən işlərə dair təqdimatlarında nəzərə çatdırıldı ki, QİX yükünün azaldılması istiqamətində mühüm addımların atılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır.
Mövcud problemləri nəzərə alaraq keçirilən seminarın əsas məqsədi iştirakçıları regionun müxtəlif ölkələrində qeyri-infeksion xəstəliklərlə mübarizədə aparılan analizlərin nəticələri ilə tanış etmək, yaradılan metod və konsepsiyaları təqdim edərək praktiki biliklər öyrətmək, real şərtlər əsasında onlardan istifadə qaydalarını göstərmək, həmçinin Azərbaycan, Qırğızıstan və Özbəkistan Respublikalarının nümayəndələri ilə layihələrin növbəti mərhələlərini müzakirə etmək idi.
Seminarda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olundu, iştirakçı ölkələrin hesabatları dinlənildi və fəaliyyətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparıldı.