25 MAY 2022
Siyəzəndə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 25 may 2022-ci ildə Heydər Əliyev Mərkəzində Siyəzən rayon ictimaiyyətinin, gəclərin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva açaraq, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışdı, yeni nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, sağlam həyat tərzinin təbliği məqsədi ilə paytaxtda və regionlarda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirdi: “Tütünçəkmə dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindən biridir. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onların həvəsləndirilməsi, eləcə də zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, səmərəli aparılması üçün birgə əməkdaşlıq, ictimaiyyətin dəstəyi vacib rol oynayır”. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırdı ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun qəbul edilməsi əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır. İnsanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür”.
Dəyirmi masa iştirakçıları çıxış edərək, maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladılar, tütünçəkmənin sağlamlığa zərərlərindən söz açdılar, şəxsi təcrübələrini bölüşərək yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səslədilər.
Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.