29 APREL 2022
İSİM-də “Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirildi
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 28-29 aprel 2022-ci il tarixdə “Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə açan İSİM-in direktor müavini Rahib Məmmədov bildirdi ki, hazırda qeyri-infeksion xəstəliklərin yükü bütün dünya ölkələrində artmaqdadır: “Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Bu səbəbdən, qeyri-infeksion xəstəliklərin qarşısının alınması ilə əhali arasında xəstələnmə və əlillik hallarının azaldılması prioritet istiqamətlərdən biridir”.
İSİM-in Səhiyyə, Texnologiyaları şöbəsinin müdiri Samir Mehdiyev, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdür müavini Ülkər Camalova, İSİM-in həkim-metodisti Könül İsmayılova geniş təqdimatlarla çıxış etdilər.
Konfransda qeyri-infeksion xəstəliklərin qlobal yükü və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyət, sağlamlıq üçün təhlükələr: tütünlə mübarizə və Ümumdünya Səhiyyə Təşkilatının proqram yanaşması, tibbdə yeni informasiya texnologiyalarının tətbiqi və uzunmüddətli rolu, sağlamlığa inanc nəzəriyyəsi və onun ictimai səhiyyədə tətbiqi, səhiyyə kommunikasiyaları və sağlamlığın təşviqində kommunikasiya kanallarının rolu, eləcə də digər mövzular üzrə ətraflı məlumat verildi. Vurğulandı ki, qeyri-infeksion xəstəliklərin qarşısını almaq üçün əhali arasında sağlam davranışın formalaşdırılması və təşviqi ən səmərəli strategiyadır.
Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 6 DTT krefit balı ilə qiymətləndirilmişdi.