10 DEKABR 2021
“XXI əsrdə səhiyyədə informasiya texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçirildi
9-10 dekabr 2021-ci il ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Rusiyanın Səhiyyənin Təşkili və Tibbi İdarəetmə Elmi-Tədqiqat İnstitutunun iştirakı ilə “XXI əsrdə səhiyyədə informasiya texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçirildi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev konfransı giriş sözü ilə açaraq bildirdi ki, informasiya texnologiyalarının yüksəlişi səhiyyə sistemində yeniliyə və tibbin mürəkkəb məsələlərinin həllinə imkan yaradır. Səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsinin xüsusən COVID-19 pandemiyası zamanı artan rolunu nəzərə çatdıran Q.Haqverdiyev rəqəmsal inkişafın müasir dövrdə aktuallığını vurğuladı. Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə çıxış edərək, Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafı və səhiyyədə tətbiqi təcrübəsi barədə geniş məlumat verdi. “Microsoft”şirkətinin təmsilçiləri – texniki strategiya və innovasiyalar üzrə mütəxəssis Mariya Eremiya həkimlərə dəstək üçün “qarışıq reallıq” (mixed reality) və HoloLens2 istifadəsinin uğurlu təcrübəsi, Mərkəzi və Şərqi Avropa səhiyyə sənayesi sektorunun direktoru Ruti Kaydar isə səhiyyədə süni intellekt barədə çıxış etdilər. Moskva şəhəri Səhiyyə Departamentinin Səhiyyənin Təşkili və Tibbi İdarəetmə Elmi-Tədqiqat İnstitutunun İnformasiya şöbəsinin rəhbəri Aleksey Baxayev, həmin institutun İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru Tatyana Kameneva, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) təmsilçiləri Nərgiz Quliyeva və Leyla Seyidzadə, qazaxıstanlı ekspert – “Damumed” İdarə Heyətinin sədri Natalya Kil və ABŞ şirkəti “Open Health Network”un direktoru Tatyana Kanzavelinin çıxışlarında səhiyyənin təşkilində müasir innovasiya vasitələrinin rolundan bəhs olundu.
İSİM-in direktoru Qəhrəman Haqverdiyevinin, bu qurumun şöbə müdirləri Nabil Seyidov və Samir Mehdiyevin müasir yeniliklərin səhiyyədə tətbiqinə, İSİM tərəfindən hazırlanaraq istifadəyə verilən informasiya texnologiyaları, mobil əlavələr və saytlara dair təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılandı.
Rəqəmsal səhiyyə texnologiyaları sahəsində yerli və regional təşkilatların nümayəndələri, sahibkarlar və tibb müəssisələrinin rəhbərlərinin bir araya gəldiyi konfransda müasir innovativ yeniliklərdən söz açıldı, səhiyyənin süni intellektlə transformasiyası, xroniki xəstəliklərə qulluğun gələcəyi və digər aktual mövzulardan bəhs olundu.
Qeyd edək ki, iştirakçılar üçün ödənişsiz təşkil olunan onlayn konfransın video-materialları ecourses.az portalında yerləşdiriləcək və bu, daha çox tibb işçisinin istənilən zaman platformaya daxil olub həmin kursdan yararlanmasına imkan verəcək.
Şəkillərlə burada tanış olmaq olar.