10 YANVAR 2022
Tibb işçiləri üçün hazırlanan “MD Simulyasiya” platformasının təqdimatı keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının 10 yanvar 2022-ci il tarixdə təqdimatı keçirildi.
KİV nümayəndələri və tibb işçiləri üçün təşkil olunan tədbirdə vurğulandı ki, “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru” tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan biridir.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, müasir innovativ vasitə olan bu platformanın tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsində, xüsusilə distant təhsil üçün əhəmiyyətli rolundan söz açdı.
BMTİP-nin Akselerator Laboratoriyasının İnkişaf Həlləri üzrə rəhbəri Nərgiz Quliyeva çıxış edərək vurğuladı ki, yeni texnologiyalardan səmərəli istifadə müasir dövrün vacib tələblərindən biridir və tibb sahəsində informasiyalaşdırma prossesi hər zaman bu tələblərin önündə gəlir.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov platforma barədə ətraflı məlumat verən geniş təqdimat etdi. O, bildirdi ki, “MD Simulyasiya” platformasında müxtəlif ssenarilərə və səviyyələrə uyğun pasiyentlərin simptomlarını suallar vasitəsilə aydınlaşdırmaq və bu simptomlara müvafiq tibbi prosedurlar həyata keçirərək pasiyentin vəziyyətini yaxşılaşdırmaq istiqamətində tədbirlər görmək, müayinə və müalicə etmək mümkündür.
Qeyd edək ki, platformada (https://mdsimulyasiya.az/) qeydiyyat və istifadə ödənişsizdir. Bu simulyasiyalar kompüterlər və əksər planşetlər üçün optimallaşdırılıb.
Şəkillərlə burada tanış olmaq olar.