16 APREL 2020
“COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkilatçılığı ilə 15-16 aprel 2020-ci il tarixdə “COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən konfransın təşkilində əsas məqsəd həkimlərin və digər tibb işçilərinin ehtiyacını nəzərə alaraq, COVID-19 xəstəliyinin profilaktikası, müayinə və müalicəsi üzrə ən son yeniliklərlə tibb işçilərini tanış etmək, bu sahədə ixtisaslaşmış beynəlxalq, o cümlədən yerli mütəxəssislərin bilik və bacarıqlarının paylaşılması idi. Texniki olaraq İSİM-də təşkil edilən konfransa reanimatoloq, anestezioloq, terapevt, pediatr, ailə həkimi və digər ixtisaslı tibb işçiləri virtual olaraq internet vasitəsilə qoşuldular.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva, Bakı Sağlamlıq Mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Təranə Göyüşova, İSİM-in şöbə müdiri Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev, İSİM-in şöbə müdiri Samir Mehdiyev və həkim-metodisti Könül İsmayılova konfransda çıxış etdilər. Çıxışlarda COVID-19 xəstəliyinin epidemiologiyası, bu xəstəliyə infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı, tibb işçiləri arasında kontakt, hava və damcı yolu ilə yoluxmanın profilaktikası, fərdi qoruyucu vasitələr: geyinmə və soyunma, COVID-19 zamanı radioloji müayinənin əsasları, reanimasiya şöbəsində ağır və çox ağır COVID-19 xəstələrinin menecmenti: Türkiyə və ABŞ təcrübəsi, mexaniki ventilyasiya və oksigenasiya və digər aktual məsələlər diqqətə çatdırıldı.
Səmərəli fikir mübadiləsi şəraitində keçən virtual konfransın iştirakçılarına online sertifikatlar təqdim edildi.
Şəkillərlə burada tanış olmaq olar.