13 NOYABR 2019
14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi
12 noyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə əməkdaşlığı ilə Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
“Ailə və diabet” şüarı ilə keçirilən konfransı giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açdı. O bildirdi ki, hər il müxtəlif şüarlarla qeyd olunan Ümumdünya Diabet Gününün keçirilməsində əsas məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek Qənnadi ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikası, həmçinin bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Yeganə Sultanova diabetin erkən aşkarlanması və skrininqi, terapevtik təlimlərin əhəmiyyəti barədə danışaraq bir daha vurğuladı ki, şəkərli diabetin yaratdığı ağır fəsadlar və xəstəliyin sürətlə artan miqyası hazırda tibb işçilərini narahat edən ən böyük problemlərdən biridir.
Xanım Səlimxanova, Arzu Əliyeva, Səriyyə Ağayeva, Samirə Xəlilova və digər mütəxəssislər çıxış edərək, fiziki aktivliyin bir çox xəstəliklərin, o cümlədən şəkərli diabetin qarşısının alınmasında vacib rol oynadığını, şəkərli diabet xəstələrinin müalicəsində doğmalarının diqqət və qayğısının böyük əhəmiyyət daşıdığını nəzərə çatdırdılar.
Konfransın sonunda iştrakçıları maraqlandıran suallar cavablandırıldı və sertifikatlar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.