4 İYUL 2019
İSİM-in nümayəndələri “Dayanıqlı inkişaf üzrə sosial müdafiə” mövzusunda ikigünlük konfransda iştirak etdilər
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə Bakı şəhərində 3-4 iyul 2019-cu il tarixdə “Dayanıqlı inkişaf üzrə sosial müdafiə” mövzusunda ikigünlük konfrans keçirildi.
Konfransda hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva iştirak etdilər.
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov konfransda çıxış edərək, BMT-nin 2030-Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, Dayanıqlı İnkişaf Gündəliyindəki məqsədlərə nail olunması istiqamətində ölkəmizdə məqsədyönlü dövlət siyasəti həyata keçirilir və sosial müdafiə siyasətinin başlıca hədəfi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin rifah səviyyəsinin yüksəldilməsidir.
İkigünlük konfrans çərçivəsində “Dayanıqlı inkişaf və sosial müdafiə”, “Sosial müdafiədə əməyin rolu”, “Sosial müdafiə sahəsində investisiya: təsirlər, faydalar, dəstəkçilər”, “Pul köçürmə sxemlərinin və qayğı xidmətlərinin inteqrasiyası”, “Sosial təminat standartlarının təşviqi və sosial müdafiəyə girişdə İqtisadi və Sosial Məsələlər üzrə Üştərəfli Komissiyanın rolu”, “Sosial müdafiə informasiya idarəetmə sistemləri” mövzularında sessiyalar keçirildi. Sessiyalar zamanı yerli və beynəlxalq ekspertlər tərəfindən müvafiq mövzularda məruzə və təqdimatlar edildi.
Yekunda iştirakçılar və ekspertlərlə fərdi müzakirələr aparıldı.