5 MART 2019
“Sağlam həyat tərzi: infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici tədbir oldu
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 4 mart 2019-cu ildə Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Şakir Hüseynov təhsil müəssisiələrində sağlam həyat tərzinin təbliği istiqamətində keçirilən tədbirlərin gənc nəslin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğuladı. Gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva bildirdi ki, İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlər infeksion və qeyri-infeksion xəstəliklərdən qorunmanı təşviq edir. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova “Sağlam həyat tərzi: infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda təqdimatla çıxış edərək, gəncləri tütün, alkoqol, narkotik maddələr və digər zərərli vərdişlərdən uzaq olmağa və fiziki aktiv həyat tərzi keçirməyə səslədi. O həmçinin zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışaraq, gənclərə sağlam həyat tərzi keçirərək infeksion və qeyri-infeksion xəstəliklərin əsas risk faktorlarından uzaq olmağı tövsiyə etdi.
Tədbirin sonunda gənclərin sualları cavablandırıldı və İSİM tərəfindən sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikası isitiqamətində hazırlanan maarifləndirici materiallar paylanıldı.