22 FEVRAL 2019
Gənclər “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə yox deyək!” mövzusunda maarifləndirildilər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.
İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir 22 fevral 2019-cu il tarixdə Aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin tədris istehsalat işləri üzrə direktor müavini Fərhad İsmayılov təhsil müəssisiələrində bu cür maarifləndirici tədbirlərin təşkil olunmasının sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə yox deyək!” mövzusunda təqdimatla çıxış edərək, sağlam olmaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini vurğulayaraq gəncləri tütün, alkoqol, narkotik maddələr və digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox aktiv həyat tərzi keçirməyə səslədi: “Aktiv həyat tərzi xüsusilə gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir, çevikliyi təmin edir və bir çox xəstəliklərin qarşısını alır”.
Tədbirin sonunda gənclərlə sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin profilaktikası ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.