12 DEKABR 2018
Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 12 dekabr 2018-ci ildə xalqımızın ümummilli lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin anım mərasimi keçirildi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək, Azərbaycanda müxtəlif sahələrin, o cümlədən səhiyyəmizin inkişaf tarixinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı: “Ümummilli lider Azərbaycan xalqının sağlamlığına böyük qayğı ilə yanaşırdı, onun rəhbərliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüldü, bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bir çox səhiyyə ocaqları yenidən quruldu”. Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyətinin nəsillər üçün böyük bir məktəb olduğunu vurğulayan Yeni Azərbaycan Partiyası İSİM bölməsinin sədri Yeganə Vəliyeva ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. İSİM-in Səhiyyə komunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Laura Quliyeva ulu öndər Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlərindən söz açdı, Azərbaycan qadınlarının yüksək vəzifələrə təyin olunmasının, onların uğurlarının geniş təbliğ və təşviq edilməsinin məhz ümummilli lider Heydər Əliyevin diqqəti, qayğısı sayəsində mümkün olduğunu nəzərə çatdırdı.
Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin əziz xatirəsinin hörmət və ehtiramla anıldığı tədbir Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.
Şəkillərlə burada tanış olmaq olar.