21 NOYABR 2018
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Gənclər sağlam həyat tərzini seçir” mövzusunda tədbir keçirildi
21 noyabr 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Gənclər sağlam həyat tərzini seçir” mövzusunda tədbir keçirildi. Nərimanov rayon İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak edirdilər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə “Narkomaniya və narkotik vasitələrlə mübarizə” mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırdı. Narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığını qeyd edən natiq bildirdi ki, narkomaniya ilə mübarizədə ailə, təhsil müəssisələri, cəmiyyət də mühüm rol oynayır. O, narkomaniyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində görülən işlər barədə danışaraq İSİM tərəfindən həyata keçirilən proqram və layihələr barədə iştirakçılara ətraflı məlumat verdi.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.