Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 NOYABR 2018

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi

Səhiyyə  Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə əməkdaşlığı ilə 12 noyabr 2018-ci ildə Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi.

“Diabetə birlikdə qalib gələk!” və “ Diabet və Ailə”  devizi ilə keçirilən tədbiri giriş sözü ilə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə açdı. O bildirdi ki, 1991-ci ildən ÜST-nin və BDF-nin təşəbbüsü ilə, eləcə də 2007-ci ildən etibarən BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il 14 noyabrın Ümumdünya Diabet Günü kimi qeyd olunur: “Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır”. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açdı: “Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir”. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek şəkərli diabetin yayılma statistikası haqqında məlumat verdi və qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova diabet xəstəsi olan şəxslərə ailənin həssas və qayğıkeş münasibətinin əhəmiyyətindən söz açdı. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nurlana Qaraxanova diabetlə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğuladı. Azərbaycan Diabet Liqasının ictimaiyyətlə əlaqələndiricisi və idarə heyətinin üzvü Samirə Xəlilova diabeti olan vətəndaşların həyatında cəmiyyətin rolu haqqında danışdı. Tədbirin sonunda Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova “Diabet nəzarətdə, uğur irəlidə” layihəsinin video rolikini təqdim edərək, bu layihənin diabeti olan uşaqların həyatında əhəmiyyətini, ailənin bu uşaqlara müsbət təsirini vurğuladı. Bu layihə çərçivəsində müsabiqə iştirakçıları və qaliblər mükafatlandırıldı, layihədə əməyi olan insanlara və təşkilatlara təşəkkürnamələr təqdim edildi.

İştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş sağlam həyat tərzi, fiziki aktivlik və diabetlə bağlı maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.