8 NOYABR 2018
İSİM-in nümayəndələri Moskvada keçirilən konfransda iştirak etdilər
7-8 noyabr 2018-ci il tarixdə Moskva şəhərində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həyatın ən gözəl başlanğıcı ana südü ilə qidalanmadır” mövzusunda iki günlük beynəlxalq konfrans keçirildi.
Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi tərəfindən təşkil edilən konfransın məqsədi qeyri-infeksion xəstəliklərin profilaktikası, ana südü ilə qidalandırmanın təşviqi, daha effektiv səhiyyə xidmətlərinin təşkili üzrə beynəlxalq, milli və regional təcrübələrin bölüşülməsi idi. ÜST-nın Avropa regionu üzrə 26 üzv ölkənin dövlət rəsmiləri, ÜST-nın ekspertləri, səhiyyə işiləri, o cümlədən ana südü ilə qidalandırmanı təşviq edən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə, Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva da iştirak etdi.
Konfransda ana südünün faydaları və vacibliyi, ölkələr üzrə ana südü ilə qidalandırmanın təbliğatı formaları və eyni zamanda Körpə dostu klinikalarının fəaliyyətinin təşkil olunması kimi əhəmiyətli mövzular üzrə çıxışlar dinlənildi. Eyni zamanda hər bir ölkə ana südü ilə qidalandırmanın statistikasını və vəziyyəti əks etdirən posterləri təqdim etdi, mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı.
Şəkillərlə burada tanış olmaq olar.