6 NOYABR 2018
“Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
6 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyanın müalicəsində yeni yanaşmalar”mövzusunda elmi-praktik seminar keçirildi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunur, onların müalicəsi istiqamətində mühüm tədbirlər görülür: “Eyni zamanda, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi məsələsi daim aktualdır. Bugünkü seminarın təşkilində də əsas məqsəd bu xəstələrin müalicəsi ilə bağlı daha effektiv üsullar ətrafında səmərəli fikir mübadiləsi aparmaqdır”. Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini diqqətə çatdırdı: “Təəssüf ki, Azərbaycan da bu problemdən kənar qalmayıb. Hazırda bizim mərkəzdə 1614 nəfər xəstə dispanser qeydiyyatdan keçib. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar. Mərkəzimiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun təmir olunub, laboratoriya avadanlıqları və reaktivlərlə təchiz olunub”. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnsititutunun Hematologiya kafedrasının dosenti Natella Yusifova Qafqazda ilk hemofiliya mərkəzinin 1973-cü ildə Azərbaycanda yaradıldığını vurğulayaraq bildirdi ki, hazırda xəstəliyin yayılma tezliyinə görə Bakı, Sumqayıt və Mərkəzi Aran regionu üstünlük təşkil edir, belə ki, təkcə Bakıda 758, Sumqayıtda isə 77 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov Azərbaycanda irsi qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğu, “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” nın həyata keçirildiyini vurğuladı: “Bu xəstələrin profilaktik müalicəsində artıma nail olmağa çalışırıq, bu, qanaxmaların azalması və xəstələrin həyat fəaliyyətinin yaxşılaşdırılması deməkdir”. İranlı mütəxəssis Eşgi Peyman hemofiliyanın müalicəsində müasir yanaşmalardan söz açdı, rekombinant faktorların istifadəsi (plazma mənşəli faktorlarla müqayisə) haqqında beynəlxalq təcrübələr barədə geniş məlumat verdi. Tehran Hemofiliya Mərkəzinin mütəxəssisi Habib Pənahi çıxış edərək, hemofiliyanın idarə olunmasında tibb bacısının rolu barədə iştirakçıları məlumatlandırdı. Azərbaycanda Hemofiliyalı Pasiyentlərin Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarının genişləndirilməsi məqsədilə yeni addımlar atıldığını, bu məqsədlə beynəlxalq elektron kartlar yaradılmasının nəzərdə tutulduğunu bildirdi.
Geniş fikir mübadiləsi şəraitində keçən seminarda vurğulandı ki, hemofiliyalı xəstələrinin müalicəsi istiqamətində dünyada yeni tədqiqatlar aparılır, artıq gen terapiyası əldə olunub və bu da hemofiliyalı xəstələrinin birdəfəlik sağalmasına imkan verir.
Şəkillərlə burada tanış olmaq olar.