30 OKTYABR 2018
Azərbaycan Dənizçilik Kollecinin tələbələri sağlam həyat tərzi mövzusunda maarifləndirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mütəmadi olaraq yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər həyata keçirir.
Növbəti belə tədbirlərdən biri 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində təşkil olundu.
Azərbaycan Dənizçilik Kollecinin Gənclər təşkilatının sədri Elmar Əsgərov çıxış edərək ölkəmizdə gənclərin sağlamlığına xüsusi qayğının göstərilməsini yüksək qiymətləndirdi, gənclər arasında məlumatlılığın artırılmasında bu cür tədbirlərin önəmli xarakter daşıdığını vurğuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini və iştirakçılar tərəfindən maraqla qarşılandığını qeyd etdi. İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Sağlam həyat tərzi və QİX-lərin profilaktikası" mövzusunda çıxış edərək, tütün məmulatlarının və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə geniş məlumat verdi, ölkəmizdə əhalinin, gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışdı. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq bildirdi ki, bu zərərli vərdişə aludəlik ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və digər ağır xəstəliklərin əsas risk faktorunu təşkil edir.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.
Şəkillərlə burada tanış olmaq olar.