26 OKTYABR 2018
Saatlıda “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə təşkil edildi
25 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində gənc qızlar və analar üçün “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə təşkil olundu.
Tədbirdə Saatlı rayon Mərkəzi Xəstəxanasının tibb bacıları, Tibb Kollecinin tələbələri və gənc analar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu, Bilik Fondunun yerli nümayəndəsi Mehriban Ağayeva gənclərin tibbi sahədə maarifləndirilməsinin vacibliyindən söz açdı, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.
İSİM-in həkim-metodisti Lətafət Dadaşova “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə ilə çıxış edərək, hamiləlik dövründə qadınların qəbul etdikləri qidaların uşağın sağlamlığına əhəmiyyətli təsiri barədə danışdı: “Körpənin sağlam qidalanmasının təməli ana bətnindən qoyulur. Hamilə qadın başa düşməlidir ki, onun düzgün qidalanması həm öz orqanizminin sağlamlığına, həm də sağlam uşağın doğulmasına zəmanət yaradır”. Həkim-metodist həmçinin körpələrin inkişafında ana südünün əvəzsiz faydasından, süd vəzi xərçənginin profilaktikasından, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs etdi.
Tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.