15 OKTYABR 2018
Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şəki şəhərində zona toplantısı keçirildi
12 oktyabr 2018-ci il tarixdə Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şəki şəhərində zona toplantısı keçirildi. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, şəhər rəhbərliyi, ölkəmizin şimal-qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının fəal gəncləri iştirak etdilər.
Gənclərin ölkə və cəmiyyətin inkişafında rolunu artırmaq məqsədi daşıyan forumda gənc nəslin qazandığı uğurlardan, gənclərin sağlam inkişafı üçün görülən tədbirlərdən danışıldı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova tədbirdə çıxış edərək ölkəmizdə insan sağlamlığına xüsusi qayğının göstərilməsi, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan söz açdı. O, əhali arasında qeyri-infeksion xəstəliklərin (QİX) yayılma səbəbləri barədə məlumat verərək bildirdi ki, İSİM tərəfindən həm paytaxt, həm də bölgələrdə, tədris müəssisələrində müntəzəm olaraq maarifləndirici tədbirlər keçirilir, xüsusən də yeni nəsil zərərli vərdişlərin fəsadları, qeyri-infeksion xəstəliklərin risk faktorları haqqında məlumatlandırılır və bu tədbirlər gənclərin sağlam inkişafında böyük rol oynayır.
Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.