21 SENTYABR 2018
İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri və tibbi heyətin iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirildi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbiri giriş sözü ilə açaraq, hər il dünyada, o cümlədən Azərbaycanda qeyd olunan sülh gününün məqsəd və vəzifələri haqqında məlumat verdi, əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin təbliğinin vacib məsələ olduğunu vurğuladı: “Bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi qeyd edilən bu bayram ənənəvi olaraq BMT-nin Nyu-Yorkdakı qərargahında “Sülh zəngi”nin çalınması ilə başlayır. Bu il – 2018-ci il Beynəlxalq Sülh Gününün devizi “Sülh hüququ:Ümumdünya insan hüquqları bəyannaməsinin 70 illiyi”dir.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Laura Quliyeva çıxış edərək bildirdi ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin rəhbəri Şəhla Mirzəzadə “Həkim deontologiyası və etik davranışlar” mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, həkimlərin tibbi etik davranışlara riayət etməsi xəstəliklərlə mübarizədə, eyni zamanda cəmiyyətdə sağlam atmosferin yaranmasında əhəmiyyətli rol oynayır. “Cəmiyyətdə zorakılıq hallarının azalmasında mətbuatın rolu” adlı geniş təqdimatı iştirakçıların diqqətinə çatdıran İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Nərmin Əliyeva mətbuat nümayəndələrini bu qəbildən olan xəbərlərə həssaslıqla və ehtiyatla yanaşmağa səslədi. O, dünya mətbuatında və Azərbaycan mediasında yayılan zorakılıq xəbərlərinin təhlilini apararaq bildirdi ki, birbaşa olmasa da, dolayı yolla bu kimi məlumatlar da bəzən cəmiyyətə zorakılığı təlqin edir: “Müasir dövrdə ictimai fikrin formalaşması və ifadə olunmasına təsir edən mühüm vasitə kimi KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəkdir. Buna görə də KİV-lər məlumatları təhlil edərək cəmiyyətə çatdırmalı, düzgün sosial təbliğatla məşğul olmalıdır”.
Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, maraqlı təkliflər dinlənildi və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.