20 İYUL 2018
İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə 16-20 iyul 2018-ci il tarixdə beş günlük praktik təlim kursları keçirildi. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında təşkil olundu. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova kurs iştirakçılarına reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsipləri haqqında məlumat verdi.
Ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədildi. Həmçinin iştirakçılara yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verildi.
Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 13 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.
Təlimdə çəkilən şəkillərlə burada tanış olmaq olar.