24 MAY 2018
Orta məktəbdə “Narkomaniya, tütünçəkmə və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda maarifləndirici tədbir keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir 22 may 2018-ci il tarixdə 46 nömrəli tam orta məktəbdə keçirildi.
Tədbirdə İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Narkomaniya, tütünçəkmə və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə yarana biləcək ağır fəsadlar barədə gəncləri məlumatlandırdı. O bildirdi ki, tütünçəkmə, eləcə də zərərli vərdişlər bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir. L.Dadaşovanın sözlərinə görə, aktiv həyat tərzi, xüsusilə müntəzəm olaraq idmanla məşğul olmaq gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir və çevikliyi təmin edir: "İdman etmək diqqət dağınıqlığını aradan qaldırır. İdmanla məşğul olan uşaqlar enerjilərini idmanda sərf etdikləri və yorulduqları üçün başqa alışqanlıqlara vaxtı qalmır, odur ki, onlar siqaretdən, içkidən, narkotik maddələrdən də uzaq olurlar”.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi aparıldı.