18 APREL 2018
İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.
İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir 18 aprel 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyası nəzdində İncəsənət Kollecində keçirildi.
İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tələbə qızlar qarşısında təqdimatla çıxış edərək, onlara reproduktiv sağlamlıq, erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə geniş məlumat verdi. Erkən yaşlarda nikahın və hamiləliyin yeniyetmələrin sağlamlığını ciddi təhlükə ilə üz-üzə qoyduğunu vurğulayan mütəxəssis gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə etdi. A.Məmmədova iştirakçıların nəzərinə çatdırdı ki, gənclərin reproduktiv sağlamlıqlarına vaxtında göstərdikləri diqqətin nəticəsi gələcəkdə ana və uşaq ölümlərinin azalması, təhlükəsiz doğuşların aparılması, sağlam körpələrin dünyaya gəlməsi deməkdir.
Tədbir iştirakçılarına həmçinin İSİM tərəfindən çəkilmiş və nikahdan kənar münasibətlərin təəssüf doğuran nəticələrini özündə əks etdirən qısametrajlı film təqdim olundu.
Yekunda mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.