16 APREL 2018
Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
16 aprel 2018-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda maarifləndirici mühazirə təşkil edildi. Mühazirə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirildi.
İSİM-in psixoloqu Nərmin Mirzəyeva mövzu ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, müəllimlərin şagirdlərlə düzgün və mehriban təması gənc nəslin sağlam inkişafına mühüm təsir göstərir. Şagirdlərin bir şəxsiyyət kimi yetişməsində, onların təlimə marağının yüksəlməsində müəllimlərin böyük rolu olduğunu vurğulayan N.Mirzəyeva böyüməkdə olan nəslin düzgün tərbiyəsinin məhz tədris müəssisələrində formalaşdığını diqqətə çatdırdı. Xüsusən yeniyetməlik dövründə şagirdlərlə düzgün pedaqoji münasibətin qurulmasının vacibliyini qeyd edən mütəxəssis bildirdi ki, insan hüquqları ölkəmizdə xüsusi qayğı ilə qorunur və məktəblilərə qarşı hər hansı kobud davranışa, zorakılıq hallarına yol verən müəllimlər inzibati, eyni zamanda cinayət məsuliyyətinə cəlb olunurlar.
Mühazirədən sonra tələbələrlə səmərəli fikir mübadiləsi aparıldı və auditoriyanı maraqlandıran suallar cavablandırıldı.