27 FEVRAL 2018
Sağlam həyat seç, tibbi müayinədən keç!
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may 2018-ci il tarixlərdə ölkə əhalisinin tibbi müayinələrdən keçməsinə və əhalinin həmin tibbi müayinələrə cəlb olunmasına təşkilatı dəstək göstərən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) region əhalisi arasında bu işin səmərəli aparılmasına töhfəsini verməkdədir.
Səhiyyə Nazirliyinin tapşırığına əsasən, bölgələrdə əhalinin tibbi müayinələrdən keçməsini təmin etmək məqsədi ilə regionlara üz tutmuş dövlət tibb müəssisələrinin yüksək ixtisaslı həkim briqadalarının fəaliyyətinə müvafiq təşkilatı dəstək üçün İSİM-in mütəxəssisi Aris Rüstəmov Gəncə və Sumqayıt şəhərlərinə, Quba, Lənkəran, Sabirabad, Şəki, Şamaxı rayonlarına ezam olundu. O, regionlarda əhalini tibbi müayinələrin sağlamlığın qorunmasında vacib rol oynadığı barədə məlumatlandırdı.
A.Rüstəmov 23 fevral 2018-ci il tarixdə Şəki Rayon Mərkəzi xəstəxanasında media nümayəndələri ilə keçirilən görüşdə çıxış edərək bildirdi ki, son dörd ildə ardıcıl olaraq keçirilən bu profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır. Əhali arasında profilaktik tibbi müayinələrin aparılmasının məqsəd və vəzifələrindən söz açan A.Rüstəmov İSİM tərəfindən bu istiqamətdə müxtəlif məlumatlandırıcı materialların hazırlanaraq əhali arasında paylanıldığını və ölkə ərazisindəki televiziya kanallarında yayımlanması üçün video çarx da hazırlandığını diqqətə çatdırdı.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncamına əsasən, xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar.
Yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edin və profilaktik tibbi müayinədən keçin!