31 YANVAR 2018
İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə yekun iclas keçirildi (FOTO)
31 yanvar 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ölkədə tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanundan irəli gələn addımlar müzakirə olundu. “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsi üzrə yekun iclası zamanı aparılan bu müzakirələrdə layihə çərçivəsində hələ 2016-cı ildə yaradılmış Texniki Məsləhətçi Qrupun (TMQ) fəaliyyətinə nəzər salındı. TMQ üzvləri olan tədbir iştirakçıları Milli Məclis, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Agentlik) və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi, “LAYF” Xeyriyyə İctimai Birliyinin nümayəndələri elə o vaxtdan bəri mütəmadi olaraq İSİM-də toplaşaraq tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərildiyi, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verildiyi, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalar, dəyirmi masalar, media dəstəyi və digər fəaliyyətləri xatırladılar.
Layihə çərçivəsində TMQ-yə rəhərlik edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihənin yekun və nəticələri haqda tədbir iştirakçılarına məlumat verdi. O, ilk olaraq Azərbaycan Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiq edilməsi ilə bağlı TMQ üzvlərini təbrik etdi. “Fəaliyyətimiz səmərəli və müvəffəqiyyətli oldu. Əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addım olan bu Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir” – deyərək Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyinin gücləndiriməsi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra növbəti addımlar və gələcək planlar barədə danışdı. Daha sonra, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə layihə çərçivəsində keçirilmiş kütləvi maarifləndirmə tədbir və aksiyalarının təsviri xülasəsini iştirakçıların diqqətinə çatdırıldı.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edildi, xatirə fotosu çəkildi.
Qeyd edək ki, TMQ-nin tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində aparılan fəaliyyəti “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud qanunvericilik bazasının gücləndirilməsinə yönəlmiş addım idi.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.