3 OKTYABR 2017
İSİM-də Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş brifinq keçirildi
2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günü şərəfinə hər il 2 oktyabr “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir.
Bu məqsədlə 2 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş brifinq keçirildi.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, iştirakçılara tədbirin məqsəd və vəzifələri haqqında qısa məlumat verdi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Raisa Əhmədova zorakılıq anlayışından bəhs edərək, bu problemlə bağlı statistik nəticələri açıqladı. Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev və uşaq psixoloqu Nərmin Quliyeva “Həssas əhali qruplarının sosial iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda geniş təqdimatla çıxış etdilər. Cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağıran “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğuladı.
“Zorakılıqdan imtina mədəniyyətinin formalaşmasında KİV-lərin rolu” adlı geniş təqdimatla çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Aysel Əkbərzadə mətbuat nümayəndələrini bu qəbildən olan xəbərlərə həssaslıqla və ehtiyatla yanaşmağa səslədi. O, dünya mətbuatında və Azərbaycan mediasında yayılan zorakılıq xəbərlərinin təhlilini apararaq bildirdi ki, birbaşa olmasa da, dolayı yolla bu kimi məlumatlar da bəzən cəmiyyətə zorakılığı təlqin edir.
Brifinqin yekununda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.