“Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 NOYABR 2018

azertag.az

“Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib

Noyabrın 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.

İSİM-dən AZƏRTAC bildiriblər ki, tədbirdə bu mərkəzin direktoru Qəhrəman Haqverdiyev çıxış edərək hemofiliyanın irsi qan xəstəliyi olduğunu və bu problemdən əziyyət çəkən insanların ölkəmizdə dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, onların müalicəsi istiqamətində mühüm tədbirlərin görüldüyünü də qeyd edib: “Hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi məsələsi daim aktualdır. Bugünkü seminarın təşkilində də əsas məqsəd bu xəstələrin müalicəsi ilə bağlı daha effektiv üsullar ətrafında səmərəli fikir mübadiləsi aparmaqdır”.

Səhiyyə Nazirliyinin Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini deyib: “Təəssüf ki, Azərbaycan da bu problemdən kənar qalmayıb. Hazırda bizim mərkəzdə 1614 xəstə dispanser qeydiyyatdan keçib. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev, stasionar və ambulator şəraitlərdə müalicə alırlar. Mərkəzimiz Səhiyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun təmir olunub, yeni laboratoriya avadanlıqlar və reaktivlərlə təchiz olunub”.

Ə.Əliyev adına ADHTİ-nin Hematologiya kafedrasının dosenti Natella Yusifova Qafqazda ilk hemofiliya mərkəzinin 1973-cü ildə məhz Azərbaycanda yaradıldığını vurğulayıb. O bildirib ki, hazırda ölkədə xəstəliyin yayılma tezliyinə görə Bakı, Sumqayıt və Mərkəzi Aran regionu üstünlük təşkil edir. Belə ki, Bakıda 758, Sumqayıtda isə 77 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nəbil Seyidov Azərbaycanda irsi qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğu və “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” nın tam həyata keçirildiyini vurğulayıb: “Xəstələrin profilaktik müalicəsində artıma nail olmağa çalışırıq ki, bu da qanaxmaların azalması və xəstələrin həyat fəaliyyətinin yaxşılaşdırılması deməkdir”.

İranlı mütəxəssis Eşgi Peyman hemofiliyanın müalicəsində müasir yanaşmalardan söz açıb. Qonaq rekombinant faktorların istifadəsi (plazma mənşəli faktorlarla müqayisə) haqqında beynəlxalq təcrübələr barədə geniş məlumat verib. Tehran Hemofiliya Mərkəzinin mütəxəssisi Həbib Pənahi çıxış edərək, hemofiliyanın idarə olunmasında tibb bacısının rolu barədə iştirakçılara məlumat verib. Azərbaycanda Hemofiliyalı Pasiyentlərin Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarının genişləndirilməsi məqsədilə yeni addımların atıldığını, bu məqsədlə beynəlxalq elektron kartların yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Geniş fikir mübadiləsi şəraitində keçən seminarda vurğulanıb ki, hemofiliyalı xəstələrinin müalicəsi istiqamətində dünyada yeni tədqiqatlar aparılır. Bildirilib ki, artıq gen terapiyası əldə olunub ki, bu da hemofiliyalı xəstələrinin birdəfəlik sağalmasına imkan verir.