MEDİA VASİTƏLƏRİNDƏ / 1 İYUN 2018
“Siqaret tüstüsünün təsirinə məruz qalma onu çəkməkdən daha təhlükəlidir” - Ekspert
"Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Amma tədqiqatlar göstərir ki, passiv siqaret çəkmə geniş vüsət alıb. Kişilərin 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünə məruz qalır”.
Bunu APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.
Onun sözlərinə görə, son zamanlar tütün tüstüsünə məruz qalma geniş vüsət alıb, bu sırada uşaqların sayı xüsusilə diqqət çəkir. Yeniyetmələr arasında tütün tüstüsünün təsirinə məruz qalanların sayə son beş ildə 50 faiz artıb: “Bunun arxasında bir sıra amillər dayanır. Uşaqların 7 faizi siqaret çəkirsə, təbii ki, buna təsir edən səbəblər var”.
İSİM təmsilçisi deyib ki, ümumiyyətlə, dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların arasında 900 000 nəfəri passiv tütün çəkənlər təşkil edir: “Bəzən passiv tütün çəkmə, yəni tütün tüstüsünün təsirinə məruz qalma aktiv siqaret çəkmə ilə müqayisədə daha təhlükəli olur.
Qapalı mühitdə siqaret çəkən şəxs həm də həmin tüstü ilə nəfəs alaraq ikiqat təsirə məruz qalır”.
T. Musayevin sözlərinə görə, yeni tədqiqatların nəticələri daha maralıdır, məsələn, bir otaqda siqaret çəkilirsə, tüstü otaqda olan əşyalara çökür və uzun zaman öz təsirini saxlayır, görünməyən hissəciklər insana təsir edir.
Mütəxəssis deyib ki, son zamanlar tütün tüstüsünün tərkibində 7 minədək zərərli maddələrin mövcud olduğu isbat olunub. Yəni son araşdırmalar həmin zərərli maddələrin sayının daha çox olduğunu təsdiq edir. Onların 250-si toksik-kimyəvi, 70-i xərçəng yaradan maddələrdir.
T. Musayev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən 6-nın inkişafında əsas səbəb sayılır.
Burada ilk növbədə ürəyin işemik xəstəlikləri, baş beyin insultları və digər təhlükəli xəstəliklər qeyd olunur: "Tütün tüstüsü birbaşa və dolayı yolla bütün orqanlara təsir göstərir. Ondan aktiv və yaxud passiv istifadənin heç bir fərqi yoxdur. Tütün tüstüsü insan orqanizminə damla-damla təsir edir. Tütünün yalnız zərəri var".
Qəlyan istifadəsinin fəsadları barədə danışan İSİM-in şöbə müdiri bir saat qəlyan çəkməyin yüz siqareti əvəz etdiyini açıqlayıb.
Ekspert uşaqlar arasında siqaret istifadəçilərinin sayının artması barədə danışaraq azyaşlıların siqaret əleyhinə maarifləndirici tədbirlərə daha erkən yaşlardan cəlb olunmasının vacibliyini vurğulayıb.
Mütəxəssis siqareti tərgitmə üsullarından da danışıb. Onun sözlərinə görə, istək varsa, 70 faiz hallarda imtina dərmansız baş verir.