Ceyhun Məmmədov: "Biz hamımız bu tarixi prosesin iştirakçıları, şahidləriyik" | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 19 YANVAR 2018

www.milli.az

Ceyhun Məmmədov: "Biz hamımız bu tarixi prosesin iştirakçıları, şahidləriyik"

Azərbaycan Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qüvvəyə mindi. Əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addım olan bu Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir. İctimai yerlərdə, iş yerlərində, dayanacaqlarda, kafe, restoran və şadlıq saraylarında, bir sözlə - ətrafımızda tüstüsüz mühit yaradılır, sağlam həyat tərzi təbliğ edilir. Milli Məclis tərəfindən bir neçə dəfə müzakirəyə çıxarılmış və ötən il dekabrın 1-də qəbul olunmuş bu Qanunun mahiyyəti, ayrı-ayrı müddəaları ilə bağlı Milli.Az-ın suallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov cavab verir.

- Ceyhun müəllim, rəhbərlik etdiyiniz İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu Qanun layihəsinin hazırlanmasında fəal iştirak etmişdir. Bu gün, Qanun qəbul edildikdən sonra oxucularımıza bu barədə nə deyərdiniz?

- İlk növbədə, mən bu Qanunun qəbul edilməsi ilə bağlı hamımızı ürəkdən təbrik edirəm. Eyni zamanda, Qanunun layihəsi üzərində neçə illərdir dayanmadan və fədakarcasına işləmiş hörmətli deputatlarımıza və Milli Məclis əməkdaşlarına, ümumiyyətlə, bu layihəyə dəstək vermiş bütün tərəfdaşlara öz təşəkkürümü bildirirəm. Sevinirəm ki, bizim birgə fəaliyyətimiz səmərəli və müvəffəqiyyətli oldu.

- Sizcə, bu Qanunun əsas mahiyyəti nədən ibarətdir?

- Əsas məqsəd budur ki, hamılıqla əl-ələ verib ətrafımızda tütünsüz bir mühit yaradaq. Azərbaycanda bu cür mühitin yaradılması tütündən istifadə etməyən, lakin tütün tüstüsü ilə nəfəs almağa məcbur olan insanlarla yanaşı, tütün tüstüsünün təhlükəli təsirinə daim məruz qalan siqaret çəkənlərin özləri üçün də böyük əhəmiyyətə malikdir. Belə bir tütünsüz mühitin yaradılmasına dair siyasətin bünövrəsi hələ 2005-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası"na qoşulmaq barəsində Qanunun imzalanması ilə qoyulmuşdur. Bu baxımdan, hazırkı Qanunun qəbul edilməsi qlobal tütün epidemiyasına qarşı Azərbaycanda atılan növbəti məqsədyönlü cavab addımıdır.

- Qanuna əsasən, demək olar ki, əksər yerlərdə tütün məmulatlarının istifadəsi tam qadağandır. Necə düşünürsünüz: sərt qaydaların, qadağaların tətbiqi işə yarayarmı?

- Avropa ölkələrinin, Avstraliya, Türkiyə, Rusiya və bir sıra başqa ölkələrin təcrübəsi göstərir ki, bəli, belə qadağaların effekti çox böyük ola bilər. Məsələn, Rusiyada tütün məmulatlarından istifadənin ictimai yerlərdə məhdudlaşdırılması haqqında 2013-cü ildə qəbul olunmuş qanundan dərhal sonra siqaret çəkənlərin sayında kəskin azalma müşahidə edilməyə başladı. Əlbəttə, müsbət nəticələrə təkcə qadağalar hesabına nail olmaq mümkün deyil. Burada tütünə qarşı vahid siyasətin tətbiq edilməsindən, kompleks tədbirlərin həyata keçirilməsindən söhbət getməlidir. Məhz buna görə yeni Qanunda təkcə qadağalar deyil, tütündən istifadənin nəticələrindən qorunmanın başqa prinsipləri də göstərilir, tütünə qarşı tədbirlərin həyata keçirilməsinin təşkilindən bəhs edilir.

- Yenə də qadağalara qayıdaq... Bəs indi bu zərərli vərdişin aludəçiləri harada siqaret çəkə bilərlər?

- Əslində, yeni Qanun bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində tütün çəkilməsini qadağan edir. Yalnız istisna hallarda tütün çəkmək üçün xüsusi yerlər təşkil edilə bilər. Belə imkan həmin obyektlərin rəhbərlərinin ixtiyarına verilir. Lakin bilmək lazımdır ki, bu istisnalar təhsil, tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrinə, habelə onların ərazilərinə, məişət obyektlərinə, sosial xidmət müəssisələrinə, teatr və kinoteatrlara, sirk binalarına, sərgi və nümayiş salonlarına, oxu zallarına, kitabxanalara, muzeylərə şamil olunmur.

- Bəs küçədə, yaşayış binalarının həyətlərində siqaret çəkmək olarmı?

- Binaların həyətlərində siqaret çəkməyə icazə verilsə də, həyətdə uşaq meydançası varsa, orada siqaret çəkmək qadağandır. Qanunda bu qadağa yerüstü qapalı və yeraltı piyada keçidləri, avtobusların dayanacaq məntəqələrinə də aid edilir.

- Sizcə, bu qadağalar tütün istifadəçilərinin hüquqlarını pozmur ki?

- Qətiyyən. Məşhur səhiyyə təşkilatçısı Semaşko vaxtı ilə demişdir: "Siqaret çəkən hər bir şəxs bilməli və anlamalıdır ki, bu addımla yalnız özünü deyil, başqalarını da zəhərləyir". Bu baxımdan, Qanun tütün çəkməyənlərin hüquqlarını müdafiə edir, onları tütün tüstüsünün zərərli təsirindən qoruyur. Bu da ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq" və "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək" hüquqlarına riayət edilməsi tələbindən irəli gəlir.

- Belə fikirlər də səslənir ki, şadlıq sarayları, restoran, bar və kafelərdə tütün çəkmənin qadağan edilməsi bu sahənin inkişafına ciddi zərbə vura bilər. Siz necə fikirləşirsiniz?

- Əvvəla, analoji qadağa Azərbaycandan başqa dünyanın bir çox ölkəsində də mövcuddur. Onların heç birində restoran biznesi bundan zərər çəkməyib. Düzdür, həmin ölkələrdə də bu qadağalara başlananda oxşar narahatlıqlar yaşanırdı. Amma reallıq göstərdi ki, ətraf mühitin təmiz, əlverişli olması sayəsində insanlar ailələri, uşaqları ilə bərabər belə yerlərə daha tez-tez gəlməyə başladılar. Demək olar ki, çox hallarda müştərilərin sayında artım müşahidə edildi. Ona görə də fikrimcə, yeni Qanunun qəbulu bu sektorda biznesin nəinki zəifləməsinə, əksinə, daha da inkişafına səbəb ola bilər.

- Uşaqlardan söz düşmüşkən... Sizcə, bu Qanunun qəbulu yeniyetmə və gəncləri tütün çəkmə kimi zərərli vərdişdən, tütün sənayesinin həvəsləndirici təsirindən qorumağımıza nə qədər kömək edəcək?

- Yeni Qanunda tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması, tütün tüstüsünün zərəri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması, bu məqsəd üçün xüsusi "qaynar xətlərin" yaradılması, KİV-də tütünün zərəri barədə biliklərin təbliği, yetkinlik yaşına çatmayanlara tütün məhsulları satışının, tütün məmulatlarının bilavasitə və ya dolayı reklamının, satışının stimullaşdırılmasının və sponsorluğunun bütün növlərinin qadağan edilməsi öz əksini tapmışdır. Şübhəsiz, bunların hamısı uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikasının hüquqi əsaslarını müəyyən edir, gənclərin təlim-tərbiyəsinin düzgün qurulmasına zəmin yaradır və beləliklə, uşaqlarımızın nikotin asılılığından uzaq olmalarına ümid etməyə imkan verir.

- Qanunda qəlyan və elektron siqaret digər tütün məmulatlarına bərabər tutulur və onlara da eyni şəkildə qadağa tətbiq olunur. Bu məsələyə münasibətiniz necədir?

- Belə bir yanaşmanı irəliyə doğru atılan böyük və mütərəqqi bir addım kimi dəyərləndirirəm. Qəlyanın siqaretdən də çox zərərli olması artıq sübuta yetirilmişdir. Bu faktdır. Mən hələ gigiyena qaydalarının kobud şəkildə pozulmasından danışmıram... Elektron siqaretlərə gəldikdə isə, etiraf edilir ki, onlar dolayı yolla tütün çəkmə kimi zərərli vərdişə aludəçiliyi, əlçatanlığı təbliğ edir, gənclərdə "yeni stil" və "dəb" anlayışı formalaşdıraraq nəticədə tütündən və nikotindən asılılığa meyl yaradır. Ona görə də Qanunda bu prinsipin öz əksini tapmasını alqışlayıram və əminəm ki, bu, ölkə əhalisinin sağlamlığına, xüsusilə də gənclərimizin tərbiyəsinə böyük töhfə verəcək.

- Sizcə, tütünlə mübarizə tədbirlərinin genişləndirilməsi əhali tərəfindən necə qarşılanır? Bu istiqamətdə hər hansı müşahidələriniz, araşdırmalarınız varmı?

- Ölkəmizdə bütün növ tütün məmulatlarının - adi siqaretdən tutmuş qəlyana kimi istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması cənab Prezident tərəfindən artıq təsdiqlənib. Şübhəsiz ki, bununla Azərbaycanda tütünlə mübarizənin yeni bir mərhələsinə qədəm qoyuldu və biz hamımız bu tarixi prosesin iştirakçıları, şahidləriyik. Müşahidələrimiz aydın göstərir ki, bu tarixi dəyişiklikləri əhalimizin böyük əksəriyyəti rəğbətlə qarşıladı. Sosial şəbəkələrdə olan müzakirələrdən görürük ki, bu qərarı təkcə tütün istifadəçisi olmayanlar deyil, tütün çəkənlər də dəstəkləyirlər.

- Tütündən istifadə edənlərin də bu Qanunu rəğbətlə qarşılamasını necə izah edərdiniz?

- Bunun bir neçə səbəbi var. Birincisi, siqaret çəkənlər arasında tütün asılılığından qurtulmaq istəyənlər əksəriyyət təşkil edir. Qanunda isə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardımın göstərilməsi və bu kimi digər vəzifələr öz əksini tapıb. İkincisi, hər bir qayğıkeş valideyn, hətta ömür boyu özü aktiv siqaret çəkən olsa belə, övladlarını bu zərərli vərdişdən uzaq tutmağa çalışır. Heç şübhəsiz ki, həmin valideyn yeni Qanunun ona bu baxımdan yardımçı olmasını görür, anlayır. Nəhayət, üçüncü səbəb: azərbaycanlılar artıq uzun illərdir ki, dünyanın müxtəlif ölkələrinə sərbəst şəkildə səfər edirlər. Onlar bu səfərlər zamanı inkişaf etmiş ölkələrdə siqaretə, tütün məmulatlarına, ümumiyyətlə, tütün çəkməyə olan münasibəti - inkar edilməsini görürlər. Hesab edirəm ki, Azərbaycanımızda da müasir dövrün belə bir sivil tələbinin tətbiqi əsl vətənpərvərlərin ürəyincə oldu.

- Ceyhun müəllim, rəhbəri olduğunuz təşkilat - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi uzun illərdir ki, tütünə qarşı müxtəlif layihələr, tədbirlər, aksiyalar həyata keçirir. Bu zərərli vərdişdən xilas olmaq istəyənlərə çoxmu rast gəlinir, bu asılılıqdan qurtulmaq olurmu?

- Tütündən istifadənin dayandırılması tədbirləri bir neçə istiqaməti nəzərdə tutur: siqareti atmaq istəyən şəxslərə "qaynar xətt" xidməti, psixoloji dəstək və tibbi yardım. Bu aspektlər üzrə hələ 2012-ci ildə ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün İctimai Səhiyyə və İslahatlar Mərkəzində "Tütün çəkmədən imtina etmə üzrə klinik protokol" hazırlanıb. Həmin protokol 2016-cı ilin noyabr-dekabr aylarında pilot layihə çərçivəsində sınaqdan keçirilmişdir. Bu müddətdə bizim ambulator şöbənin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" fəaliyyət göstərdi, tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər burada peşəkar tibbi yardım, psixoloji məsləhətlər aldılar. Eləcə də ötən il 1 saylı Bakı "ASAN xidmət" mərkəzində "Tütündən imtina səyyar kabineti" fəaliyyət göstərdi və bizim mütəxəssislər bura müraciət edən vətəndaşlara tütündən imtina ilə bağlı bir neçə gün ərzində yardım göstərdilər. Aydındır ki, belə təcrübələr bizə bu istiqamətdə görüləcək işlər və növbəti layihələr barədə düşünməyə imkan verir.

- Tütünlə mübarizə məsələlərinə dair müxtəlif beynəlxalq layihələrin, konfransların fəal iştirakçısı kimi, necə düşünürsünüz, gələcəkdə tütünlə mübarizədə daha hansı addımlar atıla bilər?

- Düşünürəm ki, tütünlə mübarizədə iqtisadi cəhətdən təsiredici tədbirlər ən böyük rol oynaya bilər. Burada ilk növbədə tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və rüsum tədbirlərini qeyd etmək olardı. Eyni zamanda, hesab edirəm ki, tütün məmulatlarının hər bir qutusunda yazılı xəbərdarlıqlarla yanaşı, şəkilli xəbərdarlıqların da əks olunması və onların vaxtaşırı dəyişdirilməsi olduqca əhəmiyyətli ola bilərdi. Yeniyetmə və gəncləri tütün vitrinlərinin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış məntəqələrində tütün məmulatlarının görünüşü tam qadağan edilə bilər. Daha başqa təklif - bəzi ölkələrdəki kimi, tütün məmulatlarının alınmasına icazə verən yaş həddinin 18-dən 21-dək qaldırılması ola bilər. Yeni Qanunun maddələri bu kimi məsələlərin həlli üçün geniş imkanlar yaradır.

- Ceyhun müəllim, geniş və əhatəli müsahibəyə görə sizə təşəkkür edir və tütünlə mübarizədə uğurlar arzulayırıq.

- Çox sağ olun, mən də sizə, oxuculara, bütün vətəndaşlarımıza zərərli vərdişlərdən uzaq olmağı, sağlam və uzun ömür yaşamağı arzu edirəm.