• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 31 MAY 2017

www.oxu.az

Ceyhun Məmmədov: Tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil!

Hər il may ayının 31-i Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur və hər il bu günün aktual bir mövzusu seçilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2017-ci ilin Ümumdünya Tütünsüz Gününün mövzusu olduqca nəzərəçarpandır: “Tütün – inkişaf üçün təhlükə!”.

Bu il ÜST tərəfindən məhz belə bir mövzunun seçilməsi təsadüfi deyil. Tütün tüstüsünün insanların sağlamlığına mənfi təsirini azaltmaq, müxtəlif xəstəliklərin yaranması ilə nəticələnən tütünə aludəçilikdən dünya əhalisinin imtinasına nail olmaq, bu təhlükəli vərdişin yayılmasının qarşısını almaq və tütün tüstüsü ilə əlaqəli birbaşa və dolayı iqtisadi yükün azalmasına nail olmaq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. Ölkəmizdə də son zamanlar ən çox müzakirə olunan mövzulardan biri elə tütünlə bağlıdır.

Tütün tüstüsünün ətrafa yayılan təhlükəsi, bu təhlükənin qarşısını almaq məqsədi ilə ölkə qanunvericiliyinin gücləndirilməsi və digər aktual məsələlər barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovla söhbət etdik.

- Ceyhun müəllim, fikir vermişəm, hər il Ümumdünya Tütünsüz Günü ərəfəsində müxtəlif ölkələr tütünlə mübarizə istiqamətində əldə olunan nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Necə düşünürsünüz, Azərbaycanın deyiləcək sözü varmı? 

- Bəli, əminliklə deyə bilərəm ki, keçən illərlə müqayisədə 2017-ci ildə ölkəmizdə tütünlə mübarizə istiqamətində aparılan tədbirlər daha fəal şəkildə keçirilir və olduqca mühüm irəliləyişlər baş verməkdədir. Belə əhəmiyyətli addımlardan biri də uzun müddət müzakirə olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsidir. Bu sənəd olduqca zəruri dəyişikliklərlə Milli Məclisdə ikinci oxunuşdan keçərək hazırda təsdiqlənməsini gözləyir. Qeyd olunmalıdır ki, bütün bunlar ölkə rəhbərliyinin tütünlə mübarizəni ən yüksək səviyyədə dəstəkləməsinin bariz nümunəsidir.

- Məlumdur ki, dünyanın bir çox ölkələrində tütünə qarşı sərt tədbirlər görülür və bunların əsasında məhz hərtərəfli mühafizəni təmin edən qanunlar durur. Deyə bilərsinizmi,  bu zərurət nədən irəli gəlir, nə kimi təhlükələrdən qorumağa yönəldilir?

- 21-ci əsrin əvvəllərindən başlayaraq, dünyada ağciyərlərin xroniki xəstəliklərinin, xərçəngin müxtəlif növlərinin, eyni zamanda ürək-damar xəstəliklərinin sürətlə artması bəşəriyyətin çox ciddi təhlükələrlə üzləşdiyini göstərir. Bu xəstəliklərin inkişafında tütün məmulatları xüsusi rol oynayır. Acınacaqlıdır ki, tütün və tütün məmulatından istifadə edən şəxs təkcə öz həyatını yox, tütün tüstüsünə məruz qalan ətrafdakı insanların səhhətini də risk altına qoyur.

Bu baxımdan, ictimai yerlərdə, iş yerlərində, xüsusilə də qapalı yerlərdə tütündən istifadənin qadağan edilməsi və tütünlə mübarizənin digər tədbirlərinin eyni zamanda həyata keçirilməsi olduqca vacib məsələdir. Müsbət haldır ki, yeni qanun insanların sağlamlığı ilə birbaşa bağlı olan bu məsələni – ictimai və qapalı yerlərdə, iş yerlərində tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını, yeni nəslin bu təhlükəli vərdişlərdən mühafizəsini gündəmə gətirir.

- Məlumdur ki, insanların sağlamlığı iqtisadiyyatın da mühüm olan bir sahəsidir. Bu baxımdan, tütünün törətdiyi xəstəliklər iqtisadiyyata nə dərəcədə zərbə vurur?

- Paradoksal olsa da, tütün dünyada leqal satılan yeganə istehlak malıdır ki, ondan istifadə edənlərin hər birinə zərər yetirir və təxminən yarısını öldürür. İl ərzində tütün tüstüsü səbəbindən baş verən 6 milyon insan itkisi tütünün bəşəriyyət üçün törətdiyi yeganə təhlükə deyil.

İnsanların, ailələrin, icmaların və ümumiyyətlə dövlətlərin qlobal iqtisadi itkiləri də son dərəcə aktual məsələdir. Dünyada səhiyyə sistemləri tütünlə əlaqəli xəstəliklərin müalicəsinə böyük vəsait xərcləyir, xərclərin çoxu pasiyentlər və onların ailə üzvlərinin üzərinə düşür, insanlar ən məhsuldar dövrdə ölür, uzun müddət və ya daim əmək qabiliyyətini itirir, əlil qalır, ailələr işləyən üzvlərini itirərək bu səbəbdən yoxsul vəziyyətə düşür, dövlətlər isə sağlam işçi qüvvəsindən məhrum olurlar.

Tədqiqatlar göstərir ki, dünyada tütünlə əlaqəli birbaşa və dolayı səhiyyə və məhsuldarlığın azalması ilə bağlı xərclər hər il 1.4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır. Ona görə də cənab Prezident tərəfindən 2015-ci ildə imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da ölkədə tütünlə mübarizə ilə bağlı qarşıya konkret hədəf qoyulub: 2020-ci ilədək əhali arasında tütündən istifadənin 10 faiz azaldılmasına nail olmaq! Bu baxımdan, əminliklə söyləmək olar ki, yeni qanun layihəsi də məhz bu strategiyanın qarşıya qoyduğu vəzifələrdən, strateji istiqamətlərdən irəli gəlir. 

- Səhv etmirəmsə, tütün səbəbindən dünyasını dəyişən insanların əksəriyyəti siqaret çəkənlərdir. Belə çıxır ki, hər il ölən milyonlarla tütün istehlakçılarını yenə də milyonlarla yeni istehlakçı əvəz edir?

- Tamamilə, doğrudur, bu vəziyyət qorxunc bir qapalı dairəyə bənzəyir. Getdikcə bu dairəyə, təəssüf ki, daha çox uşaq, yeniyetmə və gənclər, xüsusilə də qızlar və qadınlar düşürlər. Buna son qoymaq üçün ilk növbədə 2005-ci ildə Azərbaycanın da qoşulduğu ÜST-nin Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası maddələrinin qeyd-şərtsiz tətbiqi tələb olunur. Bu zaman ictimai, iş və bütün qapalı yerlərin tütün tüstüsündən tam azad edilməsinə, siqaret qutuları üzərində böyük ölçüdə effektiv xəbərdarlıq yazıları və şəkillərinin yerləşdirilməsinə, tütün vitrinlərinin tam qadağan edilməsinə, tütün reklamının hərtərəfli qarşısının alınmasına, insanlara tütün çəkməkdən imtinaya dair yardım göstərilməsinə, tütünçəkmənin qəlyan, elektron siqaret və bu kimi alternativ üsullarına keçidin qarşısının alınmasına və nəhayət tütünlə mübarizədə ən təsiredici amil olan vergi və qiymət siyasətinə xüsusi diqqət yetirilməlidir.

Tütün məmulatlarının vergi və qiymət siyasəti barədə 2017-ci il aprelin 17-21 tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Dünya Bankının Tütünə Nəzarət Sektorunun Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə keçirdiyi “Tütünlə mübarizə və tütünə qarşı vergilərin müəyyən olunması” üzrə tədbirdə də xüsusi vurğulanmışdır. İştirak etdiyim bu tədbirdə tütünün bütün ölkələrin səhiyyəsinə və iqtisadiyyatına təsiri ilə bağlı məlumatlar açıqlandı, siqaretin səbəb olduğu xəstəliklərə ayrılan səhiyyə xərclərinin ildən-ilə artırıldığı bildirildi. Bir daha qeyd olundu ki, ÜST-nin tütün məmulatlarının pərakəndə qiymətinin 75%-nin aksiz vergisini təşkil etməsinə dair tövsiyəsi tütün istehlakını azaltmağın ən yaxşı yollarından biri hesab edilir. 

- Ceyhun müəllim, tütünlə mübarizədə mühüm tələblərdən biri də tütündən istifadənin təhlükələri haqqında əhalinin maarifləndirilməsidir. Bütün dünyada qeyd olunan 31 may – Ümumdünya Tütünsüz Günü də ictimaiyyətin tütün təhlükələri barədə məlumatlandırılması üçün əlavə fürsətdir. Bəs Azərbaycanda həmin günün keçirilməsi neçə planlaşdırılır?

- Ümumdünya Tütünsüz Günü tütün epidemiyasına, onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Bildiyiniz kimi, 2017-ci il üçün Ümumdünya Tütünsüz Gününün mövzusu “Tütün - inkişaf üçün təhlükə!” adlanır və həmin gün tütün epidemiyasının bütün ölkələrin davamlı inkişafına, o cümlədən vətəndaşların sağlamlığı və iqtisadi rifahına törətdiyi təhlükələri nümayiş etdirmək və əks-tədbirlər təklif etmək məqsədilə keçirilir. İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu il Ümumdünya Tütünsüz Gününə həsr olunmuş silsilə aksiyalar və tədbirlərin keçirilməsini nəzərdə tutur. İlk aksiyamız 22-24 may tarixlərində Bakı şəhərində “Siqaret alma! Alma al!” şüarı altında keçirildi.

Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may – Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, insanları zərərli vərdişlərdən uzaq olmağa dəvət etməkdir. Əhalinin sıx toplaşdığı yerlərdə keçirilən aksiyada İSİM-in əməkdaşları ilə yanaşı bizi bir çox sosial yönümlü tədbirlərdə dəstəkləyən ASAN Könüllüləri Gənclər Təşkilatının könüllüləri də fəal iştirak etdilər. Aksiya zamanı siqaret çəkən 100-dən çox şəxsə yaxınlaşaraq, tütün və tütün tüstüsünün zərəri ilə bağlı onlara ətraflı məlumat verildi, əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi sayılan alma götürmək təklif olundu.

Eləcə də bu gün bizim Mərkəzdə media nümayəndələri üçün Səhiyyə Nazirliyi tərəfindən mövzu ilə bağlı bir günlük seminar təşkil edilibdir. Medianın bu sahədə bizə dəstəyi hər vaxt vacibdir və buna görə də çox istərdik ki, sözügedən mövzu barədə onların mümkün qədər geniş, müasir və etibarlı məlumatları olsun.

- Ümumdünya Tütünsüz Günündə siqaret çəkənlərə tövsiyəniz nədir?

- Siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil! Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq bir norma halını alır. Məncə, tütünlə mübarizədə bizim hər birimizi cənab Prezidentimizin sözləri fərəhləndirməlidir: “Mən özüm siqaret çəkmirəm, heç kimə də bunu məsləhət görmürəm”.