İSİM-in direktoru Ceyhun Məmmədov: "2017-ci il çox vacib və əlamətdar olacaq" | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 28 DEKABR 2016

news.milli.az

İSİM-in direktoru Ceyhun Məmmədov: "2017-ci il çox vacib və əlamətdar olacaq"

İnsan sağlamlığı, bəlkə də, bütün həyat dəyərlərinin ən üst pilləsidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konstitusiyası sağlamlığa obyektiv bir tərif verib: "Sağlamlıq - sadəcə əlillik və xəstəliyin olmaması deyil, mənəvi, fiziki və sosial rifah vəziyyətidir". Buna görə də, sağlamlığın qorunması insanın, cəmiyyətin və dövlətin xeyrinə aparılan ictimai fəaliyyətdə effektiv bir şərt kimi müəyyən edilə bilər. Bəs biz necə gəlirik bu işin öhdəsindən? Bu istiqamətdə hansı addımlar atılır? Hansı yeniliklər baş verir səhiyyəmizdə? Bu və digər suallara cavab tapmaq üçün bizi daim sağlam həyat tərzinə təşviq edən ölkənin əsas ictimai səhiyyə qurumu olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) yollandıq. Milli.Az-ın suallarını İSİM-in direktoru Ceyhun Məmmədov cavablandırdı.

-​ Salam, Ceyhun müəllim. İlin sonu yaxınlaşır və bunun bir növ hesablaşma zamanı olduğunu inkar etməzsiniz, yəqin! İl boyu əhalinin sağlamlığını düşünən və bu istiqamətdə dayanmadan fəaliyyət göstərən bir qurumun rəhbəri kimi ictimai səhiyyə müstəvisindən yola salacağımız ili, sizcə, necə qiymətləndirmək olar?

-​ Mən də, öz növbəmdə, sizi İSİM-də salamlayıram. Sualınız üçün təşəkkür edirəm. Qlobal iqtisadi böhranın ölkəmizdən yan keçməməsinə baxmayaraq, əhalinin sağlamlığı sahəsində ölkə rəhbərliyinin sosial yönümlü siyasəti nəticəsində son illərdə səhiyyənin inkişafı istiqamətində ciddi irəliləyişlər əldə edilib və bu baxımdan 2016-cı il də istisna olmayıb. Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası, şəkərli diabet, İİV-lə mübarizə, xronik böyrək çatışmazlığı, vərəm, qeyri-infeksion xəstəliklərlə mübarizə və sair prioritet sahələr üzrə hal-hazırda 11 dövlət proqramı və strategiya çərçivəsində fəaliyyətlər uğurla davam etdirilir. Bununla yanaşı, 2016-cı il çoxlarının yadında icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı fəaliyyətlərin aktivləşməsi ilə qalacaq. Düşünürəm ki, yola salacağımız ili müsbət qiymətləndirmək üçün təkcə bu məqamı qeyd etsək də, yetər. 2017-ci ilin yanvar ayından Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığorta mexanizminin pilot olaraq tətbiqini səbirsizliklə gözləyirik.

-​ Sualımı, demək olar ki, qabaqladınız. İcbari tibbi sığorta məsələsi ilə hal-hazırda ölkədə elə bir adam yoxdur ki, maraqlanmasın. Bu haqda sizin fikirlərinizi bilmək istərdik.

-  Mənim bu pilot layihənin tətbiqindən bir çox gözləntilərim var. Çünki ölkədə tibbi sığortanın arxitekturası gələcəkdə məhz bu pilot layihənin nəticələrinə əsaslanaraq qurulacaq. Bildiyiniz kimi icbari tibbi sığorta sisteminin tətbiqi ilə səhiyyənin yeni maliyyə mexanizmləri işə salınacaq ki, bu da, öz növbəsində, tibb xidmətlərini təchiz edənlərlə istehlakçılar arasında yeni əlaqələr yaradacaq və ortaya digər bir vacib tərəfi - tibb xidmətlərinin ödəyicisini - çıxaracaq. Bu baxımdan pilot nəticələrinə əsasən yeni maliyyə mexanizmlərinin necə olacağı və baza zərfində olan hansı tibb xidmətlərinin sığorta tərəfindən ödəniləcəyi xüsusi diqqət cəlb edir. Etiraf edək ki, icbari tibbi sığorta sisteminə keçidlə ölkənin ictimai səhiyyə sahəsində illər boyu əldə edilmiş nailiyyətlərinin itirilməməsi bizim üçün çox önəmlidir. Bununla bağlı düşünürəm ki, sığortalanan xidmətlər təkcə tibbi yardımın göstərilməsi, müalicə və ya tibbi təminatla məhdudlaşmamalı, eləcə də profilaktika, vaksinləmə və immunizasiya, skrininq, əhalinin sanitar maarifləndirilməsi kimi vacib ictimai səhiyyə sahələrini də əhatə etməlidir. İnanıram ki, bu pilot layihədə bizi qane edəcək cavablar əldə ediləcək. Bu nöqteyi-nəzərdən üzümüzə gələn 2017-ci il çox vacib və əlamətdar olacaq.

-​ Əlamətdar dediniz, yadıma düşdü ki, sizin mərkəziniz üçün 2016-cı il xüsusi əlamətdar olub. Elə deyilmi?! İSİM bu il 10 illiyini qeyd etdi. Yeri gəlmişkən, sizi yubiley münasibətilə təbrik eləmək istəyirəm.

-​ Təbrikə görə təşəkkür edirəm. Bəli, 10 il bundan qabaq 2006-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi yaradıldı. Bizim üçün onillik yubiley, ilk növbədə, bu illər ərzində keçdiyimiz yola bir daha nəzər salmaq və fəaliyyətimizi qiymətləndirmək üçün gözəl imkan oldu. Belə ki, 10 il ərzində qazandığımız çoxsaylı tərəfdaşlar, əldə etdiyimiz uğurlar və nailiyyətlərlə yanaşı, üzləşdiyimiz çətinliklərə nəzər salaraq qarşıda duran müasir çağırışlara hazırlıqlı olmağa imkan verir. Bir həqiqətdir ki, İSİM-in yaradılması ilə sağlam həyat tərzinin təbliği və təşviqi, ölkə əhalisi arasında geniş yayılmış və ən çox xəstələnmə və ölüm hallarına səbəb olan xəstəliklərin dinamikasının öyrənilməsi, səhiyyənin inkişafı ilə bağlı proqnozlaşdırmanın aparılması, milli strategiyaların, dövlət proqramlarının layihələrinin hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasətinin inkişaf etdirilməsi və s. bu kimi geniş məsələləri əhatə edən mütəşəkkil fəaliyyətlərə təkan verildi.

-​ Ceyhun müəllim, bu illər ərzində rəhbərliyiniz altında İSİM bir sıra strateji əhəmiyyətli sənədlərin ərsəyə gəlməsində böyük işlər görüb. Onlar haqqında bizə danışın.

-​ Bəli, son 10 ildə İSİM-in də iştirakı ilə səhiyyə sisteminin inkişafına və tibbi xidmətlərin təkmilləşdirilməsinə, əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş bir çox əhəmiyyətli strategiyalar və dövlət proqramlarının layihələri hazırlanmış, tədqiqat və araşdırmalar, habelə sorğular aparılmış, müxtəlif əhali qruplarının tibbi xidmətlərlə əhatə olunması ilə bağlı qiymətləndirmələr və monitorinqlər keçirilmişdir. Məmnuniyyətlə deyə bilərəm ki, "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı"nın, "Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı"nın, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın, "Psixi sağlamlıq sahəsində Milli Strategiya"nın və dövlət səviyyəsində qəbul edilmiş bir sıra başqa sənədlərin layihələri məhz İSİM-in bir başa iştirakı və bir çox hallarda rəhbərliyi altında hazırlanmışdır. Bununla yanaşı, tibb müəssisələri və tibb işçilərinin peşə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş onlarla metodik vəsait və klinik protokollar tərtib edilmiş, çoxsaylı təlim və seminarlar təşkil edilmişdir. İSİM-in mühüm fəaliyyət istiqamətlərindən biri olan əhalinin maarifləndirilməsi və səhiyyə mədəniyyətinin yüksəldilməsi istiqamətində ölkənin bir çox şəhər və rayonlarında, o cümlədən ucqar kəndlərdə çoxsaylı maarifləndirmə seminarları keçirilmiş və maarifləndirici materiallar paylanmışdır.

-​ Bəs, 2016-cı il İSİM üçün nə ilə yadda qaldı? Bu il ərzində gördüyünüz hansı işləri sadalaya bilərsiniz?

-​ 2016-cı il də İSİM üçün çox məhsuldar il oldu. İl boyu aidiyyəti dövlət proqramları və strategiyalar üzrə İSİM tərəfindən çoxsaylı tədbirlər keçirildi, təlimlər təşkil olundu, mütəxəssislərimiz tərəfindən bütün respublikanı əhatə edən araşdırmalar aparıldı və təbii ki, müxtəlif mövzular üzrə əhali, tibb işçiləri arasında maarifləndirmə işləri görüldü. Bunlardan bir neçəsini xüsusilə qeyd etmək istərdim. Belə ki, ana və uşaq sağlamlığının ciddi əhəmiyyət kəsb etdiyini və prioritet istiqamətlərdən olduğunu nəzərə alaraq, İSİM tərəfindən respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən neonatoloq və pediatrlar üçün "Neonatal Reanimasiya" üzrə təlimlər keçirildi. Qeyd edim ki, bu təlimlər Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının "Yenidoğulmuşların Reanimasiyası Proqramı" əsasında tərtib edilmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Yenidoğulmuşların reanimasiyası" dərsliyi əsasında təşkil olundu və İSİM-in xüsusi avadanlıq və manekenlərlə təchiz olunmuş Təlim Mərkəzində praktik məşğələlər aparılmaqla həyata keçirildi. Digər bir layihə çərçivəsində Təhsil Nazirliyi ilə geniş əməkdaşlıqda 2016-cı ildə məktəbli uşaqlar arasında sağlam həyat tərzinin, o cümlədən sağlam qidalanma və fiziki aktivliyin təşviqinə dair çoxsaylı təlimlər, seminarlar və forumlar keçirildi, 7 regionda məktəbdaxili kafeterilər və bufetlərin monitorinqi aparıldı. Həmçinin, müalicəsi mümkün olmayan, xəstəliyin son və ya terminal mərhələsində olan ağır xronik xəstəliklərdən əziyyət çəkən pasiyentlərin palliativ xidmətlərə ehtiyaclarını qiymətləndirmə üçün bu il İSİM tərəfindən ölkənin 7 şəhər və rayonunda ətraflı tədqiqat aparıldı. Bundan əlavə, 2016-cı ildə pilot layihə olaraq İSİM-in ambulator şöbəsi nəzdində "Tütünçəkmədən imtina üzrə tibbi məsləhət kabineti" və Qaynar Xətt fəaliyyətə başladı. Qeyd etməliyəm ki, işimizin uğurlu olması sıx əməkdaşlıq etdiyimiz partnyor və tərəfdaşlarsız mümkün olmazdı. Hər il olduğu kimi İSİM bu il də 10 il ərzində qazandığı dəyərli tərəfdaşları və partnyorları ilə əməkdaşlığı davam etdirmiş və əlbəttə yeni dostlar və tərəfdaşlar qazanmışdır.

-​ Kimlərdir onlar?

-​ Yeni partnyorlar demişkən, 2016-cı ildə İSİM Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Əməkdaşlıq Sazişi və "ASAN könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi ilə Əməkdaşlıq Memorandumu imzaladı. Hər iki sənəd ölkə əhalisi arasında tibbi-sanitar maarifi işinin dərinləşməsi və sağlam həyat tərzinin təbliği istiqamətində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləmək məqsədini daşıyır. Bildirim ki, sənədlər imzalandıqdan sonra qısa zaman ərzində hər iki gurumla artıq bir neçə birgə uğurlu tədbirlərimiz baş tutub. İSİM-in böyük önəm verdiyi əhalinin maarifləndirməsi istiqamətində bu partnyorlarımız vasitəsi ilə indi daha geniş auditoriyaları əhatə edə bilirik.

Beynəlxalq partnyorlar desəniz əgər, Ümumdünya Səhiyyə Təşkilatı ilə çox yaxşı münasibətlərimiz qurulub, ÜST-nin ölkə nümayəndəliyi ilə sıx əməkdaşlıqdayıq. Bu əməkdaşlıq ölkəmizdə səhiyyənin gələcək inkişafı üçün fundamental əhəmiyyət kəsb edən birgə fəaliyyət nəticəsində baş tutur. ÜST, UNFPA, UNİCEF, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq və çox əhəmiyyətli layihələrin həyata keçirilməsi işçilərimizin təcrübələrinin də genişləndirilməsinə kömək edir. Bu ilin sonunda İSİM Türkiyənin Hacıttepe Universiteti və İtaliyanın İctimai Səhiyyə İnstitutu ilə əməkdaşlıq memorandumları imzalamış və artıq qarşılıqlı maraq kəsb edən tədbirlərin planlaşdırılmasına start verilmişdir.

-​ Ceyhun müəllim, bəs mərkəzinizin gələcək planları haqqında nə deyə bilərsiniz?

-​ Planlarımız, birinci növbədə, Səhiyyə Nazirliyinin Fəaliyyət planları və Tədbirlər planlarına əsasən müvafiq dövlət proqramlarının icrasını təmin etməkdir. Deyə bilərəm ki, mərkəzimiz ana və uşaq sağlamlığının yaxşılaşdırılması, o cümlədən diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinin təşviq edilməsi, yenidoğulmuşların geniş yayılmış və əlilliyə səbəb olan irsi xəstəliklərə dair skrininqi üçün metodoloji əsasların hazırlanması və tətbiqi sahəsində fəaliyyətini gücləndirəcək, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, o cümlədən sağlam qidalanma və sağlam həyat tərzi, fiziki aktivliyin təbliği, tütün və spirtli içkilərin istifadəsi ilə mübarizə sahəsində maarifləndirmə işini davam etdirəcək. Bununla yanaşı, Səhiyyə Nazirliyinin Strateji Planına uyğun olaraq palliativ qayğı xidmətlərinin yaradılması, tibb mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün bir çox mövzular üzrə metodik vəsaitlər və alqoritmlərin hazırlanması, təlim və seminarların keçirilməsi istiqamətində də öz töhfəmizi əsirgəməyəcəyik. Ölkə əhalisinin sağlamlığının mütəmadi monitorinqi, xəstələnmə və ölüm hallarında baş verən dinamikanın izlənməsi, növbəti illər üçün səhiyyə xidmətlərinə olan tələbat və ehtiyacların proqnozlaşdırılması məqsədilə çoxsaylı araşdırmaların və sorğuların keçirilməsi də mərkəzimizin əsas fəaliyyət istiqamətləri olaraq qalacaqdır. 2017-ci ildə biz həmçinin əhali üçün nəzərdə tutulmuş çoxsaylı maarifləndirmə materiallarının hazırlanması və yayılması istiqamətində də işimizi davam etdirəcəyik.

Bir ictimai səhiyyə mütəxəssisi kimi inanıram ki, cəmiyyətin inkişafı hər bir vətəndaşın əhalinin sağlamlığı və rifahının yaxşılaşdırılmasına öz töhfəsini verməsindən də asılıdır. Və biz, ictimai səhiyyə işçiləri olaraq, insanın öz sağlamlığı üçün məsuliyyətini dərk etməsinə, xəstəliklərə qarşı əvvəlcədən tədbirlər görməsinə nail olmağa çalışırıq. Planlarımız çoxdur və bu baxımdan üzümüzə gələn ilin bizim və ümumiyyətlə xalqımız üçün düşərli olacağına ümid edirəm.