• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 14 İYUL 2015

www.azertag.az

Yaponiyanın tibbi təhsil və elm müəssisələri Azərbaycanın müvafiq müəssisələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır

Bu yaxınlarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nabil Seyidov Yaponiyada “Həyat tərzi ilə əlaqəli xəstəliklərin profilaktikası” mövzusunda təlim proqramını uğurla başa vurub.

AZƏRTAC Nabil Seyidovun təlim proqramı ilə bağlı müsahibəsini təqdim edir.

- “Həyat tərzi ilə əlaqəli xəstəliklərin profilaktikası” təlim proqramında iştirak etmək zərurəti necə yarandı?

- Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq bütün istiqamətlərdə xeyli müddətdir ki, qurulub və inkişaf etdirilir. Həmçinin Azərbaycan və Yaponiya hökumətləri arasında bağlanmış texniki əməkdaşlıq sazişləri çərçivəsində səhiyyə məsələləri daim prioritet mövzular sırasında olub və Səhiyyə Nazirliyi tərəfindən bir sıra əməkdaşlıq proqramları, layihələr həyata keçirilib. Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi və Səhiyyə Nazirliyinin dəvəti ilə Azərbaycandan bir sıra mütəxəssislər bu ölkədə müxtəlif səpkili proqramlarda iştirak ediblər, eləcə də Yaponiyanın tibbi təhsil və elmi mərkəzlərinin fəaliyyəti tanış olaraq təcrübələrini öyrəniblər. Ötən il Yaponiyada tibbi turizm sahəsində seminar təşkil edilmişdi. Seminarda ölkəmizi İSİM-in direktoru Ceyhun Məmmədov və şöbə müdiri Qəhrəman Haqverdiyev təmsil ediblər. Nümayəndələrimiz seminar çərçivəsində tibbi turizm sahəsində Yaponiyanın təcrübəsi, tibbi və elmi mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Həmin səfər zamanı Yaponiyanın bir çox qurumları ilə əməkdaşlıq qurulub, onların təcrübələri öyrənilib və həmin təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı maraqlı təkliflər hazırlanıb. Həmçinin mütəxəssislərin ən çox diqqətini Yaponiyada tibbi müayinə və müalicə sisteminin və reproduktiv sağlamlıq, onkologiya, cərrahiyyə, estetik təbabətin inkişafının çox yüksək səviyyədə olması cəlb edib. Bu səfərdən sonra Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyinin (JİCA) dəvəti ilə Yaponiyada bir ay müddətində xüsusi təlim proqramında iştirak etdim. Qeyd edim ki, bu JİCA tərəfindən Azərbaycan həkimlərinin və digər tibb işçilərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi proqramlardan biridir. Mənim iştirak etdiyim kursla yanaşı, infeksion xəstəliklərin müalicəsi və profilaktikası, qan məhsullarının transfuziyası zamanı təhlükəsizliyin qorunması və s. aktual mövzular üzrə də təlim proqramları təşkil edilir. 

- Təlim proqramının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Hamıya məlumdur ki, dünyanın inkişaf etmiş və xüsusilə də inkişaf etməkdə olan ölkələrində ölüm və xəstələnmə hallarının böyük hissəsi ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərin üzərinə düşür. Ölkəmizdə hələ də bu xəstəliklərdən ölüm hallarının çəkisi daha çoxdur. Azərbaycanda ürək-damar xəstəlikləri dedikdə, daha çox miokardın infarktı, ürəyin işemik xəstəliyi, işemik insult, beyinə qansızmalar, beyin qan dövranının pozulması, periferik damarların xəstəliklərini və s. nəzərdə tuturuq. Təəssüf ki, bu xəstəliklərə ölkəmizdə daha çox rast gəlinir və elə bir ailə yoxdur ki, üzvlərindən biri bu xəstəliklərdən əziyyət çəkməsin. Bu baxımdan həyat tərzi ilə əlaqəli xəstəliklərin profilaktikası mövzusunda bu təlim Azərbaycan üçün çox əhəmiyyətli idi. Artıq sübuta yetirilib ki, ürək-damar xəstəlikləri və beyin-damar xəstəliklərinin böyük əksəriyyəti insanın həyat tərzi ilə bağlıdır. Xüsusi risk faktorları var ki, bu xəstəliklərin yaranmasına, inkişafına təsir göstərir. Duzun normadan artıq qəbulu, hərəkətsizlik və ya oturaq həyat tərzi, tütünçəkmə, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma və qidalanmanın balanslaşdırılmaması, artıq çəki və piylənmə sadaladığım xəstəliklərin əsas səbəbləridir. Bunların da hamısı Azərbaycan əhalisi arasında geniş yayılıb.

- Bu xəstəliklərin qarşısının alınmasında Yaponiya hansı tədbirlər görür?

- Yaponiya dövləti son 15-20 il ərzində bu xəstəliklərin qarşısının alınmasında, bu xəstəliklərdən ölüm və xəstələnmə hallarının azaldılmasında misli görünməmiş inkişafa və irəliləyişə nail ola bilib. Hazırda ABŞ və digər inkişaf etmiş ölkələr Yaponiyanın bu təcrübəsini öyrənir və tətbiq etməyə çalışır. Yaponiyada 30 il əvvəl yuxarıda qeyd etdiyim həyat tərzi ilə bağlı xəstəliklər səbəbindən, habelə beyin-damar xəstəliklərindən, beyinə qansızmalardan ölüm halları çox yüksək səviyyədə olub. Görülən tədbirlər sayəsində artıq 10 ildir ki, Yaponiyada bu xəstəliklərdən ölüm hallarının kəskin şəkildə azalması müşahidə edilir. Bu azalma 30-40 faizə bərabərdir. Hazırda Yaponiyada ölüm hallarının böyük əksəriyyəti onkoloji xəstəliklərlə bağlıdır. Bunun da səbəbi var. Həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikasına xüsusi önəm verdiklərinə görə Yaponiya hazırda orta ömür uzunluğuna görə dünyada liderdir. Belə ki, hazırda Yaponiyada orta ömür uzunluğu 84 yaşdır. Qadınlar arasında ömür uzunluğu 87 yaşdan yuxarıdır, kişilərdə isə 81 yaşdır. Bu, dünyada rekord göstəricidir. Müqayisə üçün deyim ki, Azərbaycanda orta ömür uzunluğu 71 yaşdır. Yaponiyanın apardığı müxtəlif səhiyyə islahatları nəticəsində son zamanlar orta ömür müddəti digər ölkələrlə müqayisədə artıb. Belə ki, bizim mütəxəssislərin ən çox diqqətini çəkən Yaponiyada 50 mindən insanın yaşının 100-dən artıq olması idi. Bununla yanaşı, bu ölkədə ictimai səhiyyə və ilkin tibbi xidmətlərə böyük əhəmiyyət verilir. 

- Yaponiya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın qurulmasında nə dərəcədə maraqlıdır?

- Əlbəttə ki, Yaponiyanın tibbi təhsil və elm müəssisələri Azərbaycanın müvafiq müəssisələri ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirirlər. Yaponiyanın təcrübəsindən yararlanmaq Azərbaycan üçün də çox əlverişli ola bilər. Təlim proqramı ərzində bir sıra maraqlı məsələlər diqqətimizi çəkdi. Son 15-20 ildə aparılan araşdırmalar Yaponiyada mədə xərçənginin geniş yayıldığını göstərir. Azərbaycan da Yaponiya kimi nadir ölkələrdəndir ki, burada mədə xərçəngi hallarına tez-tez rast gəlinir. Bu baxımdan da Yaponiyanın mədə xərçəngi hallarının azaldılması istiqamətində yürütdüyü siyasət, görülən profilaktik tədbirlər Azərbaycan üçün də çox maraqlı idi. Aparılan müzakirələr onu göstərdi ki, Yaponiya həmin dövrlərdə mədə xərçənginin geniş yayılmasını daha çox qidalanma, ən əsası da duzun çox miqdarda qəbulu ilə əlaqələndirmişdi. Yaponiyanın Səhiyyə, Sosial, Mədəniyyət və İdman Nazirliyi tərəfindən duzun günə 15 qram qəbulundan 7-9 qramadək azaldılması istiqamətində apardığı fəaliyyət nəticəsində bu ölkədə son 10-15 il ərzində mədə xərçəngi halları kəskin şəkildə azalıb. Əlbəttə ki, bu tədbirlər sırasında digər risk faktorlarının qarşısının alınması ilə bağlı fəaliyyəti də nəzərə almaq lazımdır. Amma Yaponiyanın səhiyyə mütəxəssislərinin fikrincə, məhz duzun azaldılması mədə xərçənginin azaldılmasına böyük təsir göstərib. Digər tərəfdən Yaponiya əsasən diqqəti bariumla rentgenoqrafiyaya yönəldib. Bunun üçün bütün tibb müəssisələri xüsusi aparatlarla təchiz olunub, skrininq və ya dispanserizasiya üçün xüsusi mobil rentgenoloji xidmət (avtobuslar) təşkil edilib. Bununla da bölgələrə səfər edərək yerindəcə bariumla rentgenoqrafiya edib mədədə xora və ya xərçəng xəstəliyini erkən mərhələdə aşkarlanmasına nail ola bilirlər. Bütün bu tədbirlər ölkədə onkoloji xəstəliyin kəskin şəkildə azaldılması ilə nəticələnib. Əlbəttə, bizi maraqlandıran təkcə onkoloji deyil, eyni zamanda, ürək-damar və beyin-damar xəstəliklərinin qarşısının alınmasıdır. Çünki ölkəmizdə ölüm hallarının böyük əksəriyyəti məhz bu xəstəliklər səbəbindən baş verir. Ürək-damar və beyin-damar xəstəlikləri ölümlə yanaşı, bir çox hallarda əlilliyə səbəb olur. Bu isə insanların əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır. 

- Yaponiya xəstəliklərin profilaktikasında nailiyyətləri necə qazanıb? 

- İlk növbədə xüsusi aparılmış maarifləndirmə və təbliğat tədbirləri vasitəsilə. Yaponiya dövləti profilaktik tədbirlərə uşaqlardan başlayır. Məlumdur ki, Yaponiya Azərbaycan kimi hər il bütün uşaqların icbari dispanserizasiyasını həyata keçirir. Bu da bizim ölkələr arasında oxşar xüsusiyyətlərdən biridir və bir-birimizin təcrübəsindən yararlanmaq imkanı yaradır. Yaponiyada uşaqlar hər il poliklinikalarda deyil, məktəblərdə icbari dispanserizasiyadan keçir. Bütün müayinələr, o cümlədən elektrokardioqrafiya, uşaqların bədən kütlə indeksinin hesablanması, qarının dairəvi ölçüsünün təyini, əsas qan analizləri, onurğa sütununun müayinəsi həkimlər və tibb bacıları tərəfindən məktəbin özündə aparılır və problem aşkarlanarsa, dərinləşdirilmiş müayinə və müalicəyə cəlb edilirlər. Azərbaycan da həmin təcrübədən artıq ikinci ildir ki, yararlanır. Ötən il ölkəmizdə 70 minə yaxın uşaqda erkən mərhələdə müxtəlif xəstəliklər aşkarlanıb. Bu da imkan verir ki, həmin uşaqlar müvafiq müayinə və müalicə tədbirləri üçün ixtisaslaşmış həkimlər və ya tibb müəssisələrinə yönəldilsin. Yaponiya uşaqlarda gələcəkdə həyat tərzi ilə bağlı xəstəliklərin aradan qaldırılması üçün məktəblərdə idman dərslərini artırıb. Yaponiyanın məktəblərində yoqa müəllimlər uşaqların sağlamlığının təbliği və mühafizəsində xüsusi rol oynayır. Bunların Azərbaycandakı analoqu məktəb tibb bacısıdır. Yoqa müəllimləri xüsusi hazırlığa və müvafiq bilik və bacarıqlara malikdir. Onlar həm uşaqlar arasında təbliğat tədbirləri və maarifləndirmə dərsləri aparır, həm onlara ilk tibbi yardım göstərir, həm də dispanserizasiya zamanı müvafiq müayinə və digər işləri həyata keçirir. 

- Bəs gənclər və yaşlılar arasında sağlam həyat tərzinin təbliği işi necə aparılır?

- Bu məqsədlə Yaponiyanın bələdiyyələri, səhiyyə idarələri tərəfindən sağlam qidalanma və fiziki aktivliyin təbliği istiqamətində xüsusi proqramlar təşkil olunur. Artıq bir neçə ildir ki, bu ölkədə “Günə 10 000 addım at!” adı altında böyük kampaniya aparılır. Yaponiyada geniş yayılmış xüsusi pedometrlər (addım hesablayan cihazlar) vasitəsilə insanlar gün ərzində atdıqları addımları monitorinq edə bilirlər. Bu da insanlara imkan verir ki, fiziki aktivliklərini müvafiq səviyyədə saxlasınlar. Dünya üzrə aparılan araşdırmalar göstərir ki, yaşlılar arasında piylənmə, artıq çəki, arterial təzyiqin yüksək olması ilə müşahidə edilən metabolik sindrom ürək-damar, beyin-damar, bir müddət sonra isə onkoloji xəstəliklərin inkişafına yol açır. Bu sindromun yaşlılar arasında erkən aşkarlanması və aradan qaldırılması üçün Yaponiyanın Səhiyyə Nazirliyi tərəfindən son 10-15 il ərzində müxtəlif təbliğat və təşviqat kampaniyaları keçirilib və ciddi irəliləyişlərə nail olunub. Onu da qeyd edim ki, metabolik sindrom probleminə bizim əhali arasında da çox rast gəlinir. Bu istiqamətdə Səhiyyə Nazirliyi, o cümlədən İSİM tərəfindən müvafiq proqramların hazırlanması planlaşdırılır. Məlumat üçün bildirim ki, metabolik sindrom ürək xəstəliyi, insult və şəkərli diabet xəstəliyinin inkişafı riskini kəskin şəkildə artırır. Yaponiya hökuməti sübutlu təbabətin nəticələrini nəzərə alara, son 10-15 il ərzində metabolik sindromun erkən aşkar edilməsi, profilaktikası və müalicəsi istiqamətində ciddi tədbirlər görür.

- Təlim proqramının Azərbaycan səhiyyəsi üçün nəticələrini necə qiymətləndirirsiniz?

- Yaponiyanın təcrübəsini öyrənilməsi Azərbaycan üçün vacib məsələdir. Yaponiya hökumətinin Azərbaycan hökuməti ilə belə əməkdaşlıq proqramı böyük əhəmiyyət kəsb edir. Yaponiya tərəfindən ictimai səhiyyənin inkişafına ayrılan diqqət dövlət büdcəsinin qənaətinə, əhalinin sağlam və uzunömürlü olmasına, xəstəxanaların və həkimlərin iş yükünün azaldılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Yaponiyanın bu təcrübəsindən yararlanmaq üçün Azərbaycanda bütün imkanlar var. Ümid edirik ki, qısa müddətdə müvafiq proqramlar hazırlanaraq Azərbaycan əhalisinin faydalanması üçün təqdim olunacaq. Digər mühüm məsələ də ondan ibarətdir ki, Yaponiya ürək-damar xəstəliklərinin və beyinin qan dövranının pozulması hallarının azaldılmasına nail olmaq üçün azərbaycanlı dahi alim Lütfi Zadənin nailiyyətlərindən istifadə edib. Lütfi Zadənin icad etdiyi qeyri-səlis məntiq nəzəriyyəsinin nəticəsidir ki, Yaponiyada evdə istifadə edilməsi üçün nəzərdə tutulan xüsusi arterial təzyiqi ölçən cihazlar hazırlanıb. Yaponiyada bu cür cihazlarla evdə bilək və yaxud qol üzərindən yüksək dəqiqliklə arterial təzyiqin, nəbzin ölçülməsi insanlara imkan verib ki, həkimə müraciət etmədən qan təzyiqlərini nəzarətdə saxlasınlar. Məlumdur ki, qan təzyiqi Azərbaycan əhalisi arasında ölümə səbəb olan həm ürək-damar, həm də beyin-damar xəstəliklərinin mühüm risk faktorlarından biridir. Ona görə də Azərbaycanda da evlərdə qan təzyiqi cihazlarının, addımları hesablayan pedometrlərin təbliği və istifadəsi ölkəmizdə həyat tərzi ilə bağlı xəstəliklərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Bu istiqamətdə Səhiyyə Nazirliyinin müxtəlif qurumları, o cümlədən İSİM tərəfindən də müvafiq tədbirlərin hazırlanması, təbliğat və maarifləndirmə kampaniyalarının keçirilməsi, məktəbli uşaqlar arasında maarifləndirmə proqramlarının tətbiqi planlaşdırılır. Ümid edirik ki, qısa müddətdə həm uşaqlar, həm cavanlar, həm də böyüklər və ahıllar arasında aparılacaq bu kompleks tədbirlər öz bəhrəsini verəcək, o cümlədən səhiyyə sistemində olan iş yükünün azaldılmasına, dövlət büdcəsinin xərclərinin azaldılmasına, həmin xərclərin digər ehtiyaclara yönəldilməsinə imkan yaradacaq.