• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 4 İYUN 2015

www.azertag.az

Ceyhun Məmmədov: Biz reproduktiv sağlamlıq sahəsində bir sıra əhəmiyyətli tədbirlərə imza atmağa müvəffəq olmuşuq

Bu yaxınlarda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən regional konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov təmsil edib.

AZƏRTAC bununla əlaqədar İSİM-n direktoru Ceyhun Məmmədovun müsahibəsini təqdim edir. 

- Siz bu yaxınlarda Bolqarıstanda səhiyyə məsələlərinə həsr olunmuş regional konfransda iştirak etmisiniz. Bizə bu konfrans haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

- Bəli, mən mayın 27-dən 29-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Şərqi Avropa və Mərkəzi Asiyada daha təkmil cinsi və reproduktiv sağlamlığın təmin edilməsi üçün insan hüquqlarının təşviqi və bərabərsizliyin aradan qaldırılması” adlı regional konfransda iştirak etdim. Konfrans BMT-nin Əhali Fondu tərəfindən təşkil edilmişdi. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı ilə quruma üzv olan bütün ölkələrin hökumətləri tərəfindən Minilliyin İnkişaf Məqsədləri üzrə əldə edilmiş nəticələrin qiymətləndirilməsi və inkişaf məsələləri üzrə yeni çərçivə sənədinin hazırlanması üzrə artıq keçən ildən gərgin iş aparılır. Sözügedən konfrans da bu işin tərkib hissələrindəndir. Belə ki, BMT-nin Əhali Fondu Bolqarıstan hökuməti ilə birlikdə bölgədəki ölkələrin səhiyyə nazirləri, deputatları, milli və beynəlxalq ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələri və BMT agentliklərinin nümayəndələrini bir araya gətirərək cinsi və reproduktiv sağlamlıq və hüquqların təşviqi məqsədilə genişmiqyaslı dialoq təşkil etmişdi. Xüsusilə qeyd etmək istərdim ki, reproduktiv sağlamlıq məsələləri, yeniyetmə və xüsusi qayğıya ehtiyacı olan qruplar arasında reproduktiv sağlamlıq üzrə təhsil və məlumatlandırma, miqrant əhalinin reproduktiv sağlamlığı, ailə planlaşdırılması və qoruyucu vasitələr, ana və uşaq sağlamlığı, aidiyyəti səhiyyə xidmətlərinin keyfiyyəti və s. mövzularla yanaşı, konfransda müzakirə olunan məsələlər Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın 2014-cü ildən sonrakı gündəliyindən irəli gələn tövsiyələrə əsaslanır. 

- Bu istiqamətdə ölkəmizdə olan vəziyyəti necə dəyərləndirərdiniz?

- Diqqətinizə çatdırmaq istərdim ki, tərəfdaş çıxdığımız beynəlxalq insan hüquqları sazişləri sağlamlıq hüququnu fərdlər, ailələr və bütövlükdə cəmiyyətin rifahı üçün ən vacib faktorlar sırasında qeyd edir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik dövlət quruculuğu istiqamətində bir sıra mütərəqqi addımlar atılıb. Səhiyyə sahəsində aparılan işlər burada xüsusi qeyd edilməlidir. Bu baxımdan vurğulamaq istədiyim məsələlərdən biri ana ölümünün azaldılması üzrə əldə olunan nəticədir. Belə ki, 2003-2013-cü illər üzrə olan rəqəmlər göstərir ki, ana ölümü hər 100,000 diri doğuşa 18.5 promillidən 14.5-ə düşüb. Əslində bu, ölkəmizdə reproduktiv sağlamlıq hüquqlarının təşviqi üzrə aparılan işin də nəticəsidir. Bununla yanaşı, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, ailə planlaşdırılması sahəsində olan rəqəmlər elə də qənaətbəxş deyil. Əfsuslar olsun ki, müasir qoruyucu vasitələrdən istifadə üzrə region ölkələri arasında ən aşağı yerlərdən birini tuturuq. Qoruyucu vasitələrin Səhiyyə Nazirliyinin əsas dərman vasitələri siyahısına daxil edilməsi məsələsi hələ də gündəmdədir. Bu sahədə çalışan mütəxəssislər bilirlər ki, ana ölümünün azalması ilə qoruyucu vasitələrin müyəssərliyi əlaqəlidir, çünki qoruyucu vasitələrdən istifadə bir çox hallarda mənfi nəticələrə gətirə biləcək arzuolunmaz hamiləliklərin qarşısının alınması üçün çox vacibdir. 

- Yəqin ki, bu məsələlər sırasında yeniyetmələrin reproduktiv sağlamlıq məsələləri üzrə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir? Bu istiqamətdə ölkəmizdə hər hansı bir iş aparılırmı?

- Siz çox həssas bir məsələyə toxundunuz. Məlum olduğu kimi, yeniyetmə dövrü hər bir insanın həyatında uşaqlıqdan yetkinliyə aparan çox vacib bir keçid mərhələsidir. Cinsi və reproduktiv sağlamlığın təminatı bu keçid mərhələsinin ən zəruri komponentlərindəndir. Lakin əfsuslar olsun ki, bu mövzu hələ də qadağa altındadır. Bir sıra insanlar belə hesab edirlər ki, uşaqlara bu mövzuları tədris etməyə ehtiyac yoxdur. Lakin rəqəmlərin təhlili göstərir ki, bu mövzuların məktəb proqramlarında tədris olunduğu Qərbi Avropa ölkələrində yeniyetmələr arasında hamiləlik aidiyyəti tədris olmayan ölkələrlə müqayisədə daha aşağıdır. Belə çıxır ki, aidiyyəti maarifləndirmə və tədris olmadığı üçün yeniyetmə hələ qanunlara görə özü uşaq olduğu halda, dünyaya uşaq gətirir. Bu isə qəbuledilməz haldır! Məsələnin istər insan hüquqları, istərsə də ictimai səhiyyə baxımından ciddi problem olduğunu nəzərə alaraq, hazırda bizim mərkəz Təhsil Nazirliyi ilə birlikdə orta məktəb müəllimləri üçün reproduktiv sağlamlığın əsaslarına dair təlim proqramı təşkil edib. Ümid edirik ki, yaxın gələcəkdə bu yanaşma daha institusional xarakter alacaq və aidiyyəti təhsil proqramlarında ənənələrimizə, mənəvi dəyərlərimizə uyğun şəkildə əks olunacaq. 

- Bəs rəhbərlik etdiyiniz mərkəz reproduktiv sağlamlıq sahəsində konkret olaraq hansı işləri görür?

- Bildiyiniz kimi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkədə aparılan səhiyyə islahatlarının metodik əsaslandırılmasını həyata keçirir. Bu imkandan istifadə edərək, biz reproduktiv sağlamlıq sahəsində bir sıra əhəmiyyətli tədbirlərə imza atmağa müvəffəq olmuşuq. Reproduktiv sağlamlıq üzrə klinik protokol və standartların hazırlanması, eləcə də gender əsaslı zorakılıqla mübarizə sahəsində səhiyyə sisteminin rolu üzrə metodik vəsaitlərin hazırlanması, reproduktiv sağlamlığın təmin edilməsi üzrə təşviqat və təbliğat işlərinin aparılması bu qəbildəndir. Əldə edilmiş müsbət nəticələri nəzərə alaraq, reproduktiv sağlamlıq məsələlərinin mərkəzimizin daima diqqət mərkəzində olacağını əminliklə deyə bilərəm.