• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 23 MAY 2008

"Konsilium" jurnalı

Reproduktiv sağlamlığın vəkilləri

Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi

BMT-nin məlumatlarına görə, hər il 500 mindən çox qadın hamiləliklə bağlı ağırlaşmalardan dünyasını dəyişir. 10 milyon qadın isə sonsuzluq və başqa ağırlaşmalar daxil olmaqla xəstəliklərdən və əlillikdən əziyyət çəkir. Qeyd etmək lazımdır ki, hamiləliklə bağlı ağırlaşmaların və ana ölümü hallarının əksəriyyətinin qarşısını almaq mümkündür. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

  • əhalini müasir kontraseptivlər haqqında məlumatlandırmaq və onların əldə olunmasını təmin etmək;
  • doğuşdan əvvəl keyfiyyətli tibb xidmətinin əldə edilməsinə nail olmaq;
  • əsas və təcili mamalıq xidmətlərinin əldə edilməsini təmin etmək.

İctmaiyyətin reproduktiv sağlamlıq problemlərilə bağlı məlumatlandırılması reproduktiv sağlamlığın yaxşılaşdırılmasında  mühüm rol oynayır.     USAID-in maliyyələşdirdiyi “ACQUIRE Layihəsi” tərəfindən, Səhiyyə Nazirliyinin dəstəyi ilə may ayında “Reproduktiv Sağlamlıq üçün Media Vəkilliyi” mözusunda iki günlük seminar təşkil olunmuşdu. Bu seminarda Bakı şəhəri və ölkənin 6 rayonundan 17 jurnalist iştirak edirdi. Seminarın məqsədi qadınların, ailələrin və bütövlükdə ölkə əhalisinin sağlamlığına təsir göstərən reproduktiv sağlamlıqla bağlı müxtəlif məsələlər haqqında jurnalistlərin biliklərini artırmaq və bu sahədə ictimaiyyətin maarifləndirilməsinin rolunu müzakirə etmək idi. “ACQUIRE Layihəsi” 2004-cü ildən, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıqda həyata keçirilir. Layihə reprotuktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin əldə edilməsinin, keyfiyyətinin, istifadəsinin və davamlılığının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.

Seminarda Milli Məclisin üzvü Məlahət Həsənova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Direktoru Ceyhun Məmmədov, Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunun ginekoloqu Olqa Akçurina, ABŞ Səfirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Conatan Henik və başqaları çıxış etdilər. Mətbuat konfransı formasında keçirilən bu seminarda reproduktiv sağlamlıq üzrə mütəxəssislər, din xadimləri, icmaların könüllü təlimçiləri jurnalistlərlə canlı müzakirələr apardılar. İştirakçılar ailə planlaşdırılmasının əhəmiyyəti haqqında məlumat aldılar, reproduktiv sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş qlobal proqramlar və milli srategiya haqqında biliklər əldə etdilər, yanlış və məhdud ehkamların qadınların, bütünlükdə ailələrin sağlamlığını risk altında qoyması kimi məsələləri müzakirə etdilər.

“ACQUIRE Layihəsi”nin Proqram işçisi Afət Məmmədova ailə planlaşdırılmasının əhalinin sayının azaldılmasına yönəlməsi barədə yanlış fikrə münasibət bildirdi. Afət xanım çıxışında dedi: “Ailə Planlaşdırılması üsulundan istifadə ailələrə uşaqların sayını və körpənin doğum vaxtını müəyyənləşdirməyə kömək edir. Ailələr təhlükəsiz və səmərəli olan uşaqlıqdaxili vasitə (sprial), oral kontraseptiv həblər, kondom kimi müasir kontraseptivlərdən istifadə edərək sağlam hamiləliyi planlaşdıra bilərlər. Ana və körpənin sağlamlığını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı qadınlara doğuşlar arasında 3-5 illik fasilə olmasını tövsiyə edir. Əhalinin müasir kontraseptivlər barədə geniş məlumatlandırılması və üsulların əldə olunmasının təmin edilməsi arzuolunmaz hamiləliklərin, abortların sayını azaldır və ən əsası, qadınların sağlamlığını qoruyur. BMT-nin hesablamalarına görə, müasir kontraseptiv üsulların əldə edilməsini təmin etməklə dünyada 100 min ana ölümü hallarının qarşısını almaq mümkündür”.

Seminarın ikinci günü jurnalistlərə vətəndaşların reproduktiv sağlamlığının əhəmiyyəti və əhali arasında könüllü maarifləndirmə işlərinin aparılması haqqında məlumat verildi. Çıxışlardan məlum oldu ki, Abşeron rayonunun Məhəmmədli kəndində məscidin axundu Hacı Fərzəli “ACQUIRE Layihəsi”nə qoşularaq əhali arasında maarifləndirmə işləri aparmışdır. Axund hər ay icmanın kişilərilə müasir kontraseptivlər və ailə planlaşdırılması haqqında söhbətlər aparır. Axundun qənaətinə görə, İslam ənənələri ailə planlaşdırılmasını dəstəkləyir. Qadınlar arasında bu sahədə maarifləndirmə işinə axundun həyat yoldaşı cəlb edilmişdir. Ceyranbatan qəsəbəsindəki orta məktəbin direktor müavini Tahir Məmmədov könüllü təlimçi olmaq barədə qərarını belə izah etdi: “Bir valideyn kimi düşündüm ki, ailə quracaq övladlarımız və gələcək nəsillərin sağlamlığı naminə gənclərimiz ailə planlaşdırılması, təhlükəsiz və səmərəli müasir üsullar haqqında məlumatlı olmalıdır”.

Milli Məclisin üzvü Məlahət Həsənova reproduktiv sağlamlığın yaxşılaşdırılması yolunda hökumətin atdığı addımlar barədə danışdı. O qeyd etdi ki, 1994-cü ildə Qahirədə keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda yekdillklə razılığa gəlinmişdir ki, ailədə uşaqların sayı və doğuşun vaxtının müəyyənləşdirilməsində insanlar azad seçim hüququna malik olmalıdır. Qahirə konfransının mühüm nəticəsi Azərbaycan da daxil olmaqla 179 ölkə tərəfindən imzalanan “Dünya Fəaliyyət Proqramı” olmuşdur. Bu sənədə əsasən, layihə iştirakçısı olan ölkələr 2015-ci ilə qədər bütün dünyada ailə planlaşdırılması daxil olmaqla reproduktiv sağlamlıq xidmətlərinə, doğuşda keyfiyyətli xidmətlərin əldə edilməsinin təmin olunmasına və cinsi yolla yayılan infeksiyaların qarşısının alınmasına məsuliyyət daışıdıqlarını bildirmişlər. BMT-nin “Minillik Məqsədlər” proqramı çərçivəsində vətəndaşların reproduktiv sağlamlığını yaxşılaşdırmaq məqsədilə ölkələrə qlobal fəaliyyət planı təqdim edilir.

Sənəddə əksini tapan səkkiz məqsəddən məhz aşağıdakı üçü reproduktiv sağlamlıq məsələlərinə həsr olunmuşdur: ana və uşaq ölümü hallarının azaldılması və HIV/AIDS-in qarşısının alınması. Məlahət Həsənova Türkiyədən misallar gətirdi və bildirdi ki, reproduktiv sağlamlığın yaxşılaşdırılması və ailə planlaşdırılmasının təmin edilməsi bu ölkənin milli prioritetinə çevrilmiş və müsbət nəticələr vermişdir. O, qeyd etdi ki, Azərbaycanın dövlət büdcəsindən bu məqsədlərə pul ayrıla bilər. Reproduktiv sağlamlığın yaxşılaşdırılması probleminin həlli məsələlərinə səhiyyə işçilərinin, siyasətçilərin, icma liderlərinin, sıravi vətəndaşların məsuliyyətli yanaşmaları və əməkdaşlıq etmələri tələb olunur. Jurnalistlər əhalinin diqqətini bu vacib mövzuya cəlb etməkdə böyük rol oynayır. İştirakçılardan birinin təbirincə desək: “...hər bir vətəndaş ailə planlaşdırılması məsələlərinə ciddi yanaşmalıdır!” Dövlətin reproduktiv sağlamlıq sahəsinə ayırdığı sərmayə həm müdrik qərar, həm də xalqın gələcək inkişafı naminə xərclənən vəsaitdir. Millətin gələcəyinin qadınların və uşaqların sağlamlığından asılı olduğunu qeyd edən Məlahət Həsənova jurnalistləri reproduktiv sağlamlığı təbliğ etməyə çağırdı.