• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 15 APREL 2008

Tibb qəzeti

Tibbi yardım standartları və milli klinik protokollar

Müasir dövrdə dünyanın əksər ölkələrinin səhiyyə sistemi qarşısında duran vəzifə, həyata keçirilən islahat və dəyişikliklərin başlıca məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi, əczaçılıq sənayesinin sürətli inkişafı, yeni müalicə üsullarının və dərman vasitələrinin tətbiqi, ənənəvi müalicə üsulları və istifadədə olan dərman vasitələri haqqında yeni biliklərin meydana çıxması praktiki həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır. Keyfiyyətli tibbi yardım bir tərəfdən köhnəlikdən yaxa qurtarmağı, bütün dünyanın artıq çoxdan imtina etdiyi müalicə üsullarından əl çəkərək, innovasiyalara  yol açmağı,  digər tərəfdən isə, düşünülmüş addımlar atmağı, tam tədqiq edilməmiş və sübut olunmamış hər hansı yeniliyin tətbiqindən çəkinməyi nəzərdə tutur. Bu həddən ziyadə böyük informasiya axını şəraitində həkim necə hərəkət etməlidir? Bu, təkcə Azərbaycanda deyil, qlobal miqyasda səhiyyə sahəsində meydana çıxan bir sualdır. Və bütün dünya bu sualın cavabını müayinə və müalicə metodlarının standartlaşdırılmasında görür.

Azərbaycanda da aparılan səhiyyə islahatlarının bir qolu kimi tibbi yardım standartlarına keçid nəzərdə tutulur. Bəs, bu standartların mahiyyəti nədir və onlar ölkə səhiyyəsinə nə verə bilər? Müsahibəmiz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədovdur.

-Standartlar tibbi yardım göstərilməsi sahəsində qaydaları müəyyən edən bir vasitətdir. Səhiyyə sisteminin fəaliyyətinin planlaşdırılması və maliyyələşdirilməsi, dövlət, səhiyyə sistemi və pasiyentlər arasında əlaqələr məhz bu əsas üzərində qurulmalıdır. Bu bütün dünyada qəbul edilmiş və tibbi yardım göstərilməsi sahəsində şəxsi dəyərləndirmə, subyektiv fikirlər və özbaşınalıqdan normativ tənzimlənməyə keçidi təmin edən bir yanaşmadır.

Ölkə üçün müəyyən edilən tibi yardım standartları ilə yanaşı, milli klinik protokollar da tərtib edilir. Bu protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Milli klinik protokollar daha böyük həcmli olub, həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

-Standartlar hansı prinsiplərlə müəyyən olunur? Yəni bu və ya digər müalicə üsuluna nəyə əsaslanaraq üstünlük verilir?

-Bütün dünyada qəbul edilmiş təcrübəyə uyğun olaraq, bu zaman sübutlu təbabət prinsipləri əsasında hazırlanmış milli klinik rəhbərliklər və protokollardan istifadə edilməlidir. Dünya tibb praktikasında sübutlu təbabət son 20 il ərzində inkişaf etmiş nisbətən yeni yanaşmadır. Onun yaranmasına təkan verən amillər tibbi tədqiqatların aparılması və əldə edilmiş nəticələrin təhlil edilib praktikaya tətbiqi sahəsində baş vermiş ciddi dəyişikliklər olmuşdur. Yalnız sübutlu təbabət prinsiplərinə əsaslanan ciddi metodologiya üzrə aparılmış və statistik cəhətdən düzgün təhlil edilmiş klinik tədqiqatların nəticələri sübut kimi qəbul oluna bilər. Dünyada eyni zamanda minlərlə bu cür tədqiqatlar aparılır, tibbi tədqiqat və məqalələr üzrə ən böyük məlumat bazasında olan MEDLINE-da 17 milyon tədqiqat haqqında informasiya vardır. Əlbəttə, bu tədqiqatların keyfiyyəti və aparılma forması müxtəlif, eyni zamanda məsələnin aktuallığından asılı olaraq,  eyni mövzu ilə bağlı çoxlu sayda araşdırma aparıla bilər. Aydın məsələdir ki, praktik həkimin aparılan bütün tədqiqatlar haqqında məlumat əldə etmək və onların sübutlu təbabət meyarları üzrə qiymətləndirmək imkanları məhduddur. Bunu nəzərə alaraq, bir sıra təşkilatlar həmin işi öz üzərinə götürərək, hər bir konkret mövzu ilə bağlı bütün dünyada aparılmış tədqiqatların tapılması, xüsusi metodologiya üzrə qiymətləndirilib təhlil edilməsi və bu tədqiqatlardan əldə edilmiş ümumi nəticələrin sistematik icmal və ya meta-analiz şəklində nəşr edilməsini həyata keçirir. Milli klinik protokolların yaradılması üzərində işləyən ekspertlər qrupu məhz bu cür mənbələrdən istifadə edərək, protokola daxil edilən hər bir müddəa və tövsiyənin sübut səviyyəsini qiymətləndərməlidir. Təbii ki, milli klinik protokola əsas tövsiyələr kimi ilk növbədə sübut səviyyəsi ən yüksək olan müddəalar daxil edilməlidir. Əgər hər hansı məsələ ilə bağlı kifayət qədər klinik tədqiqat aparılmayıbsa və ya əldə edilmiş sübut səviyyəsi qənaətbəxş deyilsə, bu da protokolda qeyd olunmalıdır.

- Azərbaycanda tibbi yardım standartları və milli klinik protokolların yaradılması sahəsində iş gedirmi? Ölkəmiz bu sahədə dünya təcrübəsindən nə dərəcədə yararlana bilər?

- Milli klinik protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur. Adətən inkişaf etmiş ölkələrdə bu cür protokolların tərtibi ilə peşəkar tibb assosiasiyaları məşğuldur. Müəyyən mövzular üzrə beynəlxalq tibb assosiasiyaları və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərtib edilmiş klinik rəhbərliklər də mövcuddur.

İndiyə qədər Azərbaycanda bu sahədə müəyyən işlər görülüb və beynəlxalq təşkilatların dəstəyi ilə bir neçə mövzu üzrə klinik protokol tərtib edilib. Hal-hazırda isə milli klinik protokolların hazırlanması ilə bağlı işlərin təşkili və tənzimlənməsi Səhiyyə Nazirliyinin sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb və bu sahədə işlər artıq başlanıb. Qeyd etmək lazımdır ki, hazırkı dövrdə klinik protokolların yaradılması prosesində Azərbaycanın digər MDB ölkələrinin istifadə etdiyi üsuldan yararlanması daha məqsədəuyğundur. Sübutlu təbabət prinsiplərinə əsaslanan orijinal milli klinik protokolların tərtib edilməsi çox böyük maddi və təşkilati resurslar tələb edən bir məsələdir. Ona görə də, vəziyyətdən müvəqqəti çıxış yolu kimi, milli klinik protokolların yaradılması zamanı bütün dünya üzrə mövcud olan klinik rəhbərliklərin ən keyfiyyətliləri seçilir, onların üst-üstə düşən və fərqli hissələri təhlil edilib qiymətləndirilir, müəyyən tövsiyələr yerli şəraitə adaptasiya olunub dəyişdirilməklə ölkə üçün milli klinik protokollar hazırlanır.

-Tibbi yardım standartlarından istifadə zamanı çətinliklər yaranmayacaq ki? Standartlar tərtib olunarkən xəstənin konkret xüsusiyyətləri nəzərə alınırmı?

-Standartlar pasiyent modeli əsasında tərtib edilir, yəni hər bir nozologiya  üzrə xəstənin yaşından, xəstəliyin fazasından, mərhələsindən,  fəsadlaşmalardan, tibbi yardımın göstərilmə şəraitindən asılı olaraq, bir neçə model şəklində tibbi yardımın həcmi və müddəti müəyyən olunur. Bu cür standartlar cədvəl və ya siyahı formasında, yaxud tibbi yardım göstərilməsi addımlarını təsvir edən şaxələnmiş formada verilə bilər. Standartların tərtibi zamanı ilk növbədə hər bir diaqnostik prosedura və müalicəvi müdaxilə üçün xüsusi kod təyin edilməldir. Diaqnostik proseduralar və müalicəvi müdaxilələr üzrə standartları müəyyən edən cədvəllərin birinci qrafasında proseduranın və ya müdaxilənin kodu, növbəti qrafalarda isə ardıcıllıqla adı, göstərilmə tezliyi və orta sayı verilir. Dərman preparatlarının təyin edilmə standartları üçün tərtib olunan cədvəllər isə bir qədər fərqlidir: qrafalar üzrə ardıcıl olaraq, preparatın farmakoterapevtik qrupu, anatomik-terapevtik-kimyəvi təsnifatı, beynəlxalq patentləşdirilməyən adı, təyinat tezliyi, təxmini gündəlik dozası və ekvivalent kurs dozası göstərilir. Hər iki cədvəldə mövcud olan, prosedura və ya müdaxilənin göstərilmə tezliyi və dərmanların təyinat tezliyini əks etdirən rəqəmə  xüsusi diqqət yetirmək lazımdır. Əgər rəqəm 1-ə bərabərdirsə, deməli, bu pasiyent modeli üzrə bütün xəstələrə həmin diaqnostik prosedura, müalicəvi müdaxilə və ya dərman preparatı (yaxud müəyyən qrupa adi dərmanlar) təyin edilməlidir. Əgər həmin rəqəm 1-dən azdırsa, deməli bu xidmət növü pasiyentlərin 50 faizinə və ya orta hesabla hər iki pasiyendtən birinə). Xəstəliyin gedişindən və digər amillərdən asılı olaraq, bu növ əlavə xidmətlərin təyin edilmə meyarları standartların xüsusi əlavələrində izah edilir.

- Məlumdur ki, uzun illər ölkənin müxtəlif bölgələrinin inkişafında disbalans olub. Son dövrlərdə regionların inkişafına diqqət artırılsa da, paytaxta rayonların səhiyyə müəssisələri arasındakı fərqləri aradan qaldırmağa, yəni rayon xəstəxanalarını Bakıdakı tibb müəssisələrinin səviyyəsinə qaldırmağı hələ də tam müyəssər olmuyub. Bu şəraitdə ölkənin bütün tibb ocaqlarının müayinə və müalicə işini eyni standartlar əsasında qurması nə dərəcədə realdır?

-Yuxarıda qeyd edildiyi kimi, standartların tərtib edilməsi zamanı milli klinik protokollardan bir əsas kimi istifadə edilməlidir, bu çərçivə daxilində isə müəyyən seçimə imkan verilir. Bir çox ölkələrdə hər bir tibb müəssisəsi öz imkanları və potensialına uyğun olaraq müəssisədaxili standartlar müəyyən edilir. Bundan başqa, tibbi yardım standartlarının ayrı-ayrı bölgələr və ya bütün ölkə üzrə tətbiqi də mümkündür. Ölkə miqyasında tibbi yardım standartlarının tətbiqi səhiyyə Nazirliyinin hər hansı nozologiya üzrə müxtəlif pasiyent modelləri üçün tibbi yardımın minimal həcmini müəyyən edən xüsusi xüsusi əmri vasitəsilə həyata vasitəsilə keçirilir. Lakin bu zaman nəzərə alınmalıdır ki, standartların tətbiqi tibb müəssisələrinin resurs və potensialının gücləndirilməsini, səhiyyənin idarə olunması və maliyyələşdirilməsində əhəmiyyətli dəyişikliklərin aparılmasını tələb edə bilər.

- Standartlar nə dərəcədə məcburi xarakter daşıyır, Yəni hansı hallarda həkim standartlardan kənara çıxa bilər?

- Əlbəttə, konkret pasiyentin vəziyyətinə uyğun olaraq, tibbi yardımın növü və forması haqqında qərar həkim tərəfindən verilməlidir. Ancaq tibbi yardım standartlarının son dərəcədə ciddi meyarlarla seçildiyini və tərtib edildiyini nəzərə alaraq, bütün belə hallarda həkimdən öz seçimini əsaslandırmaq tələb oluna bilər.

- Bəs, standartlara əməl edilməsinə necə nəzarət olunacaq?

- Təcrübə göstərir ki, inzibati nəzarət üsulları çox zaman effektiv olmur və gözlənilən nəticəni vermir. Əgər standartlardan istifadə tibbi xidmətin keyfiyyətini müəyyən edən amillərdən biridirsə, o zaman bu standartların yerinə yetirilməsinə nəzarət ilk növbədə bu xidmətin istehlakçıları tərəfindən həyata keçirilməlidir. Bunun bir üsulu pasiyentlərin mövcud standartlar haqqında geniş çəkildə və onların başa düşə biləcəyi formada məlumatlandırılmasıdır. Digər bir üsul isə tibbi sığorta sisteminin inkişaf etdirilməsidir. İstər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, istərsə də ayrı-ayrı özəl tibbi sığorta şirkətləri tibbi xidmətlərin alıcısı rolunda çıxış edirlər və bu proses zamanı həmin tibbi xidmətin keyfiyyətinə və standartlara uyğun olmasına nəzarəti həyata keçirirlər.

- Sizcə, tibbi yardım standartları və milli klinik protokolların tətbiqi Azərbaycan səhiyyəsinə nə verəcək?

- Tibbi standartların tətbiqinin əsas məqsədi ölkə əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidr. Yəni ölkənin istənilən nöqtəsində dövlət və ya özəl tibb müəssisəsinə müraciət etmiş vətəndaş zəmanətli şəkildə keyfiyyətli tibbi xidmətlə təmin olunmalıdır. Digər tərəfdən, bu standartlar lüzumsuz olaraq təyin edilən diaqnostik proseduralar və dərman vasitələrinin həcmini minimuma endirməli, səhiyyəyə sərf edilən vəsaitlərin daha effektiv və səmərəli şəkildə istifadəsini təmin etməlidir.