MEDİA VASİTƏLƏRİNDƏ / 29 OKTYABR 2009
"Birinci Alman-Azərbaycan Teletib" Seminarı
Effektiv səhiyyə sisteminin əsas xüsusiyyətlərindən biri əhalinin bütün kateqoriyalarının, hətta ən ucqar yaşayış məntəqələrində yaşayan insanların belə keyfiyyətli tibbi yardımla əhatə olunmasıdır. Əvvəllər kənd və qəsəbələrdə hər sahədə müəyyən qədər məlumatı olan 1-2 tibb işçisinin çalışdığı kənd xəstəxanaları və tibb məntəqələri olduqda, bu, əhalinin bütün təbəqələrinin səhiyyə xidmətləri ilə normal səviyyədə əhatə olunmasına kifayət edirdi. Müasir dövrdə isə hərtərəfli keyfiyyətli tibbi xidmət dərin biliklərə malik dar ixtisaslı həkimlərin və çox bahalı avadanlığın olmasını tələb edir. Təbiidir ki, bunu hər bir yaşayış məntəqəsində təmin etmək mümkün deyil. Belə olduqda isə xəstələr “yollarda qalır” – müalicə üçün əksər hallarda rayon mərkəzinə, bəzən isə paytaxta gəlməli olurlar.
Dünya təcrübəsində bu problemin həlli yollarından biri teletəbabət, yəni məsafədən tibbi yardım göstərilməsidir. Bu günlərdə keçirilmiş “1-ci Alman – Azərbaycan teletibb” Seminarı da məhz bu məsələyə həsr olunmuşdu. İctimai Səhiyyə və İslahatlar Mərkəzində keçirilmiş toplantının təşəbbüskarı Azərbaycan – Almaniya İqtisadi Birliyi idi.
Tədbirdə Azərbaycanda son dövrlər sürətli iqtisadi inkişaf getdiyi və onun səhiyyə sistemində də böyük rol oynadığı vurğulandı. Bildirildi ki, səhiyyə sahəsində inkişaf müasir texnologiyaların və o cümlədən teletəbabətin tətbiqinə yeni imkanlar açır. Hazırda dünyada geniş istifadə olunan bu üsulun Azərbaycanda tətbiqi elmi və praktiki cəhətdən maraqlı nəticələrin əldə olunmasına yardımçı ola bilər. Toplantıda xüsusilə vurğulandı ki, ölkəmizdə teletəbabətin tətbiqi və vahid teletibb informasiya sisteminin yaradılması ucqar yerlərdə yaşayan əhali və çətin şəraitdə işləyən insanlar üçün ixtisaslı tibbi yardımın əlçatanlığının artırılmasına, tibbi yardımın keyfiyyətinin yüksəlməsi və tezləşdirilməsinə, səhiyyədə nəqliyyat xərclərinin azalmasına, həkim və çağırış briqadalarının işinin səmərəliliyinin artırılmasına, yeni informasiya texnologiyalarının tətbiqinin yüksəldilməsi və beləliklə də xarici səhiyyə sistemlərinə çıxışın sürətləndirilməsinə nail olmaq imkanlarını artırar.
Tədbirdə Almaniyanın Bakıdakı səfirliyinin nümayəndəsi cənab Peter Ziegler, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Səhiyyə Nazirliyinin İnformasiya və Statistika idarəsinin rəisi Oqtay Axundov, Almaniyadan gəlmiş qonaqlar – “Time Kontor”, “Tembit Software”, “Clinpath” müəssisələrinin və “Berlin Charite” Tibb Mərkəzinin nümayəndələri çıxış etdilər.
Almaniyalı nümayəndələr öz çıxışlarında bildirdilər ki, teletəbabətin Azərbaycanda tətbiqi səhiyyə sisteminin inkişafının davam etdirilməsi istiqamətində irəliyə atılmış daha bir addım olacaq. Qonaqlar öz çıxışlarında bu sistemin Almaniyada geniş istifadə edildiyi və onun praktiki səmərəliliyi haqqında ətraflı məlumat verdilər. Onların fikrincə, məsafədən tibbi yardım göstərilməsi praktikasının Azərbaycanda tətbiqi üçün Almaniya Federativ Respublikasının təcrübəsindən istifadə etmək mümkündür və bu istiqamətdə almaniyalı mütəxəssislər əməkdaşlıq etməyə hazırdırlar.
Seminarda Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Almaniyanın Azərbaycandakı diplomatik korpusunun, Azərbaycan – Almaniya İqtisadi Birliyinin, Azərbaycan Milli Elmlər Kardioloji Assosiasiyasının, bir sıra dövlət və özəl tibb müəssisələrinin nümayəndələri mövzu ətrafında müzakirələr apardılar.
İlkin Səhiyyə səviyyəsində psixi sağlamlıq məsələlərinə dair seminar keçirildi
Azərbaycanda “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” lahiyəsi həyata keçirilir. Onun əsas məqsədi ilkin səhiyyə xidməti həkimlərinin yüngül və orta-ağır dərəcəli psixi xəstəliklərin diaqnozunun qoyulmasına və müalicənin aparılmasına qadir olmalarını təmin etməkdir. Bu barədə bu günlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində(İSİM) Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş “İlkin səhiyyə səviyyəsində psixi sağlamlıq üzrə müalicə keyfiyyətinin yaxşılaşdırılması və təşviq edilməsi” mövzusunda seminarda söhbət açıldı.
Toplantıda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) eksperti Sevil Əsədova, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli, həmin universitetin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının müdiri Səadət Mahmudova əhalinin psixi sağlamlığının qorunmasında və təmin edilməsində ilkin tibbi xidmətlərin iştirakı, əhəmiyyəti və vacibliyini xüsusilə qeyd etdilər. İştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan 2005-ci ildə Helsinkidə ÜST-nin səhiyyə nazirləri səviyyəsində keçirilmiş psixi sağlamlıq üzrə konfransında imzaladığı Avropa üzrə Psixi Sağlamlıq üzrə Bəyannaməsi ilə psixiatriya yardımı göstərilməsinin yaxşılaşdırılması və bu sahədə qanunvericiliyin həyata keçirilməsi öhdəliklərini öz üzərinə götürüb və onun yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımlar atır. Bəyannamənin prioritet məsələlərindən biri psixi sağlamlıq sahəsində ilkin səhiyyə xidmətinin mərkəzi rol oynaması və psixi sağlamlığın təmin edilməsi üçün ilkin səhiyyə xidmətinin potensialının gücləndirilməsindən ibarətdir.
Seminarda qeyd edildi ki, bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankı tərəfindən aparılan islahatlar çərçivəsində ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb, İSİM-də Milli Psixi Sağlamlıq üzrə Strategiya və Faəliyyət Planı işlənərək hazırlanıb, ÜST ilə 2008-2009-cu illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişinə əsasən, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələr, o cümlədən “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsi həyata keçirilir. İlkin səhiyyə xidməti həkimlərinin yüngül və orta-ağır dərəcəli psixi xəstəliklərin diaqnozunun qoyulmasına və müalicənin aparılmasına qadir olmalarının təmin edilməsi məqsədi daşıyan həmin layihə çərçivəsində bu həkimlərin pxisi sağlamlıq üzrə bilik səviyyələrinin qiymətləndirilməsi üzrə keçirilmiş sorğu və onun ilkin nəticələri barədə ATU-nun psixiatriya kafedrasının dosenti Fuad İsmayılov ətraflı məruzə etdi. Bu barədə iştirakçılarla geniş müzakirə aparılaraq, layihənin davamına dair mütəxəssislər tərəfindən tövsiyələr verildi.
Seminarda Səhiyyə Nazirliyinin, Ombudsman Aparatının, İSİM-in, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin, Bakı şəhər Psixonevroloji Dispanserinin, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin, Bakı şəhər poliklinikalarının və rayon mərkəzi xəstəxanalarının nümayəndələri mövzu ətrafında müzakirələrdə iştirak etdilər.