• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 11 APREL 2008

"Konsilium" jurnalı

Səhiyyədə islahatlar

İstənilən ölkədə, istənilən sahədə islahatların aparılması çətin və ağrılı olub, böyük cürət tələb edir. Azərbaycan səhiyyəsində gedən islahatlar haqqında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovla söhbət etdik.

Ceyhun müəllim, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkili ideyası necə yarandı?

Son illər əhalinin sağlamlığının qorunması sahəsində mövcud olan vəziyyət səhiyyə sistemində əsaslı islahatların aparılmasının  zəruri olduğunu gündəmə gətirmişdi. İslahatların aparılmasının vacibliyi respublika rəhbərliyi, şəxsən möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən vurğulamışdı. Yeni təyin edilmiş səhiyyə naziri professor Oqtay Şirəliyev möhtərəm prezidentimizin bu tövsiyəsini proqram sənədi kimi qəbul etdi. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2006-cı ilin sentyabr ayında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi yaradıldı.

Mərkəzin qarşısında hansı problemlərin həlli durur?

Mərkəz respublikamızda ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, səhiyyə islahatlarının aparılmasının metodik əsaslandırılması və islahatların tibb müəssisələrində tətbiqinin tənzimlənməsini həyata keçirmək məqsədilə yaradılıb. Mərkəzin əsas vəzifələri sırasında səhiyyə siyasəti və islahatların aparılmasının elmi və praktik cəhətdən əsaslandırılması, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, tibbi yardımın təkmilləşdirilməsi və ailə təbabəti konsepsiyasının həyata keçirilməsi, icbari tibbi sığorta sisteminin tətbiqi və inkişafının maliyyə-iqtisadi, həmçinin normativ-hüquqi təminatı prinsiplərinin hazırlanması, tibbi praktika standartlarının və klinik protokolların tətbiqi, elmi simpozium, seminar və təlimlərin keçirilməsi və digər önəmli məsələləri göstərmək olar.

Bu vacib vəzifələrin yerinə yetirilməsi üçün müvafiq strukturlar yaradılmalı, mərkəzin işinə güclü mütəxəssislər  cəlb olunmalıdır...

Təbii. Mərkəzimizdə 13 şöbə və bu şöbələrdə çalışan yüksək səviyyəli peşəkarlar komandası fəaliyyət göstərir.

Ceyhun müəllim, bu haqda oxucularımıza daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

İctimai səhiyyə konsepsiyası respublika səhiyyəsinin inkişafında yeni anlayış, mühüm istiqamətdir. Bu konsepsiyanı həyata keçirmək üçün mərkəzimizdə səhiyyə mütəxəssisləri ilə birlikdə ictimai səhiyyə təsisatlarının inkişafını təmin edə biləcək müxtəlif sahələrin peşəkarları çalışır. Bunların arasında hüquqşünaslar, iqdisadçılar,  marketoloqlar, jurnalistlər, sosioloqlar və digər sahələrin mütəxəssislərini göstərmək olar. Başqa cür ola da bilməz, çünki, ictimai səhiyyə anlayışı bütün sadaladığım istiqamətləri özündə ehtiva edir. Mərkəzin fəaliyyətinin son nəticəsi ayrı-ayrılıqda hər bir mütəxəssisin, struktur bölmənin və bütövlükdə komandanın işindən önəmli dərəcədə asılıdır.

Struktur bölmələrin gördüyü iş nədən ibarətdir?

Doğrusu, hər bir şöbəmiz haqqında ətraflı danışmaq üçün çox vaxt tələb olunur. Mən şöbələrin əsas fəaliyyətləri haqqında jurnalınızın oxucularını məlumatlandırmağa çalışaram. Aparıcı struktur vahidimiz İslahatlar və Səhiyyə Siyasəti şöbəsidir. Məhz bu şöbə mərkəzin düşünən beynidir, iş prosesinin “lokomotividir”. Bu şöbənin təklifləri Mərkəzin digər strukturlarının fəaliyyət istiqamətini səhiyyənin strateji inkişaf perspektivinə yönəldir. Təbii ki, həyata keçirilən hər bir islahat proqramı iqtisadi cəhətdən əsaslandırılmalıdır. Bu məsələlərin həlli Səhiyyə İqtisadiyyatı və Tibbi Sığorta şöbəsinə həvalə olunmuşdur.

Ceyhun müəllim, tibbi sığorta respublika əhalisini ən çox maraqlandıran məsələlərdən biridir...

Bu marağı normal hal kimi qəbul edirəm. Çünki icbari tibbi sığorta respublika səhiyyəsinin inkişafının strateji vacib istiqamətlərindən biridir.                10 yanvar  2008-ci il tarixdə respublikamızın prezidenti tərəfindən “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” təsdiq edilmişdir. Səhiyyə İqtisadiyyatı və Tibbi Sığorta şöbəsi öz fəaliyyətində məhz bu Konsepsiyadan irəli gələn müddəalara əsaslanır. Konsepsiyada nəzərdə tutulmuş islahatların həyata keçirilməsi mövcud hüquqi bazanın təkmilləşdirilməsini də zəruri edir. Mərkəzin Səhiyyə Qanunvericiliyi şöbəsi də məhz bu istiqamətdə təkliflərin hazırlanması ilə məşğul olur.

Əhalinin səhiyyə sistemində qarşılaşdığı problemlər çox vaxt ilkin tibbi yardım səviyyəsində müşahidə olunur. Bu sahədə hansı işlər aparılır?

Ambulator-poliklinik, ilkin səhiyyə xidməti müəssisələri əhalinin sıx-sıx müraciət etdiyi tibb müəssisələridir. Əhalinin sağlamlığının qorunması onların işindən əhəmiyyətli dərəcədə asılıdır. Bu xidmətlər istənilən ölkənin ictimai səhiyyə sisteminin vizit kartıdır desək, yanılmarıq. İlkin tibbi-sanitar yardım xidmətinin işinin gücləndirilməsi, ailə həkimi təsisatının tətbiqi və inkişaf etdirilməsi bu gün səhiyyə orqanları qarşısında duran əsas vəzifələrdən biridir. İnkişaf etmiş ölkələrdə ailə həkimi təsisatının uzun illərdən bəhrələnən təcrübəsi onun istər əhalinin sağlamlığı baxımından, istərsə də iqtisadi baxımdan  ən məqsədəuyğun olduğunu sübut etmişdir. Ümumiyyətlə, ilkin səhiyyə sisteminin keyfiyyətli təşkili dövlətin səhiyyəyə sərf etdiyi maddi ehtiyatlara qənaət etməyə, bahalı stasionar xidmətindən müəyyən dərəcədə qaçmağa və ən əsası, xəstəliklərin profilaktikasını daha keyfiyyətli aparmağa imkan verir. Mərkəzimizdə bu işlərin metodik əsaslandırılması ilə İlkin Səhiyyənin Təşkili şöbəsi məşğul olur.

Ceyhun müəllim, əhalinin sağlamlığı hər bir səhiyyə sisteminin nə dərəcədə səmərəli fəaliyyət göstərməsinin güzgüsüdür. Mərkəz bu sahədə hansı işlər aparır?

Bizdə sağlamlığın monitorinqi problemləri ilə Əhalinin Sağlamlığı şöbəsi məşğul olur. Bu şöbə skrininq proqramlarının hazırlanması və tətbiqi, əhalinin sanitar maarifləndirilməsi istiqamətində çalışır. Tibb xidmətinin keyfiyyətinə gəldikdə isə, tibb işçilərinin peşəkar hazırlığı onun əhəmiyyətli komponentlərindən biridir. Səhiyyə sahəsində aparılan islahatlar kadr hazırlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmağı tələb edir. Amalımız həkimlərimizin peşəkar hazırlanması prosesini beynəlxalq standartlara çatdırmaq habelə tibb müəssisələrində çalışan mütəxəssislərin təkmilləşmə prosesini optimallaşdırmaq üçün yeni proqramların hazırlanmasıdır. Mərkəzin Tibb İşçilərinin Peşəkar Hazırlığı şöbəsi həkimlər və orta tibb işçilərinin ən müasir müalicə və müayinə üsullarını, yeni tibb texnologiyalarını istənilən vaxt mənimsəmək imkanı əldə edə bilmələri üçün təkliflər, layihələr hazırlayır.

Sözlərinizdən belə anladım ki, islahatlar mərkəzi çox sayda işlər görüb və gələcəkdə də islahatların aparılması sahəsində addımlar atacaq. Görülən işlər, səhiyyədə aparılan islahatlar haqqında tibb ictimaiyyəti, əhali necə məlumatlandırır?

Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsi bu problemlərin həlli məqsədilə yaradılmışdır. Qeyd etmək istəyirəm ki, şöbənin işi yalnız mərkəzin həyata keçirdiyi tədbirlərin təbliği ilə məşğul olmaq deyil. Bu şöbə, ilk növbədə, sizin təbirinizcə desək, tibb ictimaiyyətin və əhalinin ölkədə aparılan səhiyyə islahatları haqqında məlumatlandırılması ilə məşğul olur. Eyni zamanda tibb müəssisələrinin, həkimlərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iş prinsipləri üzrə, eləcə də bu mövzuda yazan jurnalistlərin səhiyyə sahəsində baş verən hadisələrin işıqlandırılmasında tibbi baxımdan maarifləndirilməsi məqsədi ilə, hər iki qəbildən olan mütəxəssislərlə treninqlərin keçirilməsi də şöbənin fəaliyyət dairəsinə daxildir. Doğrusu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin gördüyü işlər haqqında bir müsahibədə ətraflı məlumat vermək çətindir. Təklif edirəm ki, Mərkəzin fəaliyyətini və ölkədə aparılan səhiyyə islahatlarını ətraflı və mütəmadi işıqlandırmaq üçün, “Konsilium” jurnalında daimi rubrika çərçivəsində mərkəzin mütəxəssisləri ilə ayrı-ayrılıqda keçirilən söhbətlər, müsahibələr əsnasında oxucularınıza ətraflı məlumat verilsin. Biz hər zaman belə bir əməkdaşlığa hazırıq.

 

Sizə və kollektivinizə bu məsuliyyəti işdə müvəffəqiyyətlər arzu edirik.

Müsahibəni apardı: Nazim Məmmədov

 

QİÇS qurbanlarının anım günü

Hər il dünya ictimaiyyəti QİÇS-dən ölənlərin Ümumdünya Xatirə Gününü qeyd edir. 18.05.2008-cil tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS-lə Mübarizə İctimai Birliyinin birgə təşkilatçılğı və 24 saylı Yasamal Uşaq-gənclər Mərkəzinin iştirakı ilə QİÇS-dən Ölənlərin Ümumdünya Xatirə Gününə həsr olunmuş aksiya keçirilmişdir.

Baki şəhərinin Füzuli meydanında keçirilən aksiyada Uşaq-gənclər Mərkəzinin şagirdləri bu dəhşətli xəstəlik haqqında bilgilərini daş döşəmələrin üzərində təcəssüm etdirdilər. QİÇS-lə mübarizə mövzusunda çəkilmiş şəkillər uşaqların bu qlobal problemə baxışlarını nümayiş etdirirdi. Şəkillərin uşaqlar tərəfindən çəkilməsinə baxmayaraq, bu şəkillərdə uşaq təfəkküründən irəli gələn paklıq, sadəlik, bir də dərin məna var idi. Tədbirin sonunda uşaqlara hədiyyələr paylandı. Aksiyanın qalibi elan olunmadı, çünki bu aksiyanın özü dəhşətli xəstəlik üzərində qələbə idi. Məqsəd QİÇS-dən ölənlərin xatirəsini yad etmək, respublika ictimaiyyətinin diqqətini problemə cəlb etmək idi.

19.05.2008-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS-lə Mübarizə İctimai Birliyinin birgə təşkilatçılığı ilə QİÇS-dən Ölənlərin Ümumdünya Xatirə Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masanın işində İSİM-in direktoru Ceyhun Məmmədov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova və başqaları iştirak etdilər. Tədbiri giriş sözü ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru C.Məmmədov açdı. Ceyhun Məmmədov bildir ki, dəyirmi masanın keçirilməsində məqsəd QİÇS-dən ölənlərin xatirəsini yad etmək, cəmiyyətin diqqətini QİÇS-ə qarşı mübarizə məsələlərinə, İİV yoluxmuş insanların problemlərinə cəlb etməkdir. C.Məmmədov qeyd etdi ki, xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində təsis edilib və keçirilib. Həmin dövrdən milyonlarla insan QİÇS-dən dünyasını dəyişib.

Problem respublikamızdan da yan keçməyib. Azərbaycanda bu xəstəlikdən 210 nəfər vəfat edib. Ceyhun müəllim çıxışında QİÇS probleminin həllini dövlət orqanlarının, QHT-lərin, KİV-nin, bütövlükdə cəmiyyətin birgə səylərində gördüyünü qeyd etdi. Ancaq birgə və koordinasiya olunan səylər müəyyən nəticələr əldə etməyə imkan verər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru H.Qədirova Azərbaycanda QİÇS-ə qarşı profilaktika və mübarizə tədbirlərini, İİV-ə yoluxmalar, QİÇS-dən ölüm halları haqqında məlumatları əks etdirən materialları nümayiş etdirdi. O qeyd etdi ki, 2007-ci ilə olan məlumatlara əsasən, dünyada 33,2 milyon insan İİV ilə yaşayır, bu günə qədər 5 milyon insan QİÇS-dən dünyasını dəyişib. Hazırda inkişaf etmiş ölkələrdə QİÇS-ə qarşı aparılan mübarizə nəticəsində İİV-ə yoluxma hallarının azalması müşahidə olunur. Afrika və Asiya ölkələrində isə İİV-ə yoluxma hallarının artması tendensiyası qalmaqdadır. H.Qədirova bildirdi ki, 1987-ci ildən indiyə kimi respublikamızda 1510 nəfər İİV-ə yoluxan insan qeydə alınıb, onlardan 1446 nəfəri Azərbaycan vətəndaşıdır. H.Qədirovanın çıxışından sonra Respublika QİÇS-lə mübarizə Mərkəzinin hazırladığı QİÇS-dən dünyasını dəyişənlərin siyahısı nümayiş etdirildi.

Dəyirmi masada QİÇS-lə Mübarizə İctimai Birliyinin nümayəndəsi Ramil Mirzəyev, İSİM-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Zaur İbrahimov çıxış etdilər. İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin müdiri 18 mart tarixində keçirilmiş aksiya haqqında məlumat verdi, aksiyada çəkilmiş fotoşəkilləri, şagirdlərin rəsmlərini təqdim etdi.

Tədbir iştirakçılarına İİV-ə yoluxma və ondan qorunma haqqında videoçarxlar nümayiş etdirildi. Dəyirmi masa iştirakçıları QİÇS-in profilaktikası, əhalinin maarifləndirlməsi, xəstəliyə qarşı mübarizədə respublikanın müxtəlif qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, onların fəliyyətinin əlaqələndirilməsi ilə bağlı müzkirələr apardılar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi.