• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 3 AVQUST 2007

"Ekspert" jurnalı

Peşəkar kadrlar uğurun zəminidir

Ceyhun Məmmədov:

“İlk böyük işimiz bacarıqlı komanda formalaşdırmaqdır”

Azərbaycanın Səhiyyə sistemində islahatların aparılması, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bu xidmətin keyfiyyətinin yüksəldilməsi ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Son iki ildə Səhiyyə Nazirliyi sistemində baş verən dəyişikliklər bu sahədə islahatların sürətlənəcəyinə ümidləri artırır. Bu baxımdan, ötən ilin sentyabrında Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (keçmiş Ailə Sağlamlıq Mərkəzinin bazasında) yaradılması diqqətəlayiq hadisədir. Bir neçə ay əvvəl mərkəzin rəhbəri təyin olunmuş Ceyhun Məmmədovla söhbətimizdə yeni yaradılan qurumun səhiyyə islahatlarında tutacağı yeri müəyyənləşdirməyə çalışdıq.

Ceyhun müəllim, sizcə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması hansı zərurətdən irəli gəldi?

İlk olaraq sualınız üçün təşəkkür edirəm. Əslində İctimai Səhiyyə və və İslahatlar Mərkəzinin yaradılması bu günün tələbindən irəli gəlmir. 2006-cı ilin sentyabrında Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev mərkəzin yaradılmasının çox böyük önəm daşıdığını nəzərə alaraq bu barədə əmr imzaladı.

Mərkəzin adı onun mühüm və demək olar ki, gərgin fəaliyyəti haqda çox söz deyir. Dörd ay əvvəl mərkəzə direktor təyin olunmaqla qarşıma qoyduğum ilk məqsəd ictimai səhiyyə anlayışını əhalinin geniş təbəqəsi, eyni zamanda tibb işçilərinə aydın şəkildə çatdırıb, bu sahənin mühümlüyü haqda dolğun informasiyaları bildirmək olub. Səhiyyənin inkişaf istiqamətləri, səhiyyə siyasəti, səhiyyə iqtisadiyyatı nədən ibarət olmalı, necə idarə edilməlidir - bunların dəqiq müəyyənləşdirilməsi çox vacibdir. Hazırda səhiyyədə bir neçə istiqamət üzrə islahatlar aparılaraq, genişmiqyaslı işlər görülür. Aparılan islahatların istiqaməti və səhiyyə siyasəti ilə uzlaşdırılması; qanunverici baza, iqtisadiyyatın bu islahatların istiqamət tempinin reallaşmasına imkan verməsi cavab tələb edən suallardır. İslahatlar bir neçə istiqamətdə aparıla bilər. Lakin bu istiqamətləri də kimsə seçməlidir. Eyni zamanda bu seçimin özü də müəyyən baza əsasında aparılmalı, təkmil qanunvericiliyə istinad olunmalıdır. Bunun üçün səhiyyə sisteminin mövcud hüquqi bazası bütünlüklə təhlil edilməlidir. Bundan əlavə, islahatların iqtisadi tərəfləri dəqiq hesablanmalı, mövcud maliyyə imkanları baxımından qiymətləndirilməlidir. Bütün bunlar bizim mərkəzimizin yaranmasını son dərəcə zəruri edən əsas amillərdir.

Sadaladığınız məsələləri həm də mərkəzin fəaliyyət istiqamətləri kimi qəbul etmək olarmı?

Əlbəttə. Mən istiqamətlərimizi daha aydın şəkildə çatdırmaq üçün mərkəzin cənab nazir tərəfindən bir neçə həftə əvvəl təsdiqlənmiş strukturu barədə məlumat vermək istərdim. Bizim islahatlar və səhiyyə siyasəti, səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbələrimiz var. Bildiyiniz kimi, “Tibbi sığorta haqqında” qanun bir neçə ildir ki, qəbul edilib, amma icbari tibbi sığorta hələ də tətbiq olunmayıb. İcbari tibbi sığortanın fəaliyyəti, ilkin olaraq pilot rayonların seçimi, nəticələrin qiymətləndirilərək təhlil edilməsi, əhali qrupunun seçilməsi və sair bu kimi suallara cavab tapmadan işə başlamaq mümkün deyil. Digər çox mühüm əhəmiyyət kəsb edən şöbə səhiyyə qanunvericiliyi adlanır. Bütün islahatların hüquqi bazasının hazırlanması, mövcud səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində bu şöbə önəm daşıyır. Şöbənin işinə peşakar hüquqşünasların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Digər  ilikin səhiyyənin təşkili şöbəsi, adından da göründüyü kimi səhiyyə islahatlarının ən mühüm istiqamətlərindən biri üzrə fəaliyyət göstərəcək. Əhalinin nə üçün poliklinikalara deyil, birbaşa xəstəxanalara müraciət etməsi, sahə həkimlərinə olan inamsızlığın səbəbi, insanların xəstəliklər ağırlaşmadan tibbi yardımdan istifadə etməmələri ilə bağlı olan problemlər məhz bu şöbədə araşdırılaraq öyrəniləcək. Onu da deyim ki, hazırda ilkin səhiyyədə ən mühüm məsələlərdən biri ailə həkimi təcrübəsinin tətbiqi ilə bağlıdır. Artıq Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda və Tibb Universitetində ailə təbabəti kafedraları yaradılıb. Amma təəssüflər olsun ki, nə ailə həkimi haqqında əsasnamə, nə də poliklinikalarda ailə həkimi ştatı yoxdur. Adıçəkilən şöbə bu və bir sıra başqa problemlərin həll olunması ilə ciddi şəkildə məşğul olacaq.

Mərkəzimizin başqa bir strukturu kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsidir. Biz həkimlərin, səhiyyə orqanlarının əhali, ictimaiyyət və KİV-lə ünsiyyətinin yalnız hansısa problem yarandıqda deyil, daimi olmasını istəyirik. Əhalinin, ictimaiyyətin səhiyyədəki dəyişikliklərdən, yeniliklərdən ətraflı və hərtərəfli məlumatı olmalıdır. Eyni zamanda həkimlərimizin mühüm əhəmiyyət kəsb edən məlumatları ictimaiyyətə, KİV-ə çatdırma mexanizmləri də burada işlənəcək.

Mərkəzin “Tibb işçilərinin peşəkar hazırlığı şöbəsi” böyük bir strukturdur. Etiraf etmək lazımdır ki, ayrı-ayrı vətəndaşlarda tibb işçilərinin peşəkar hazırlığı ilə bağlı narazılıqlar olur. Bu narazılıqları aradan qaldırmaq, vəziyyəti dəyişdirmək yollarını tapmaq bu şöbənin əsas işi olacaq. Aydındır ki, bu işlə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu da məşğul olur. Onların kursları bizim üçün çox dəyərli və vacibdir. Lakin bu kurslar yeganə çıxış yoludur, yoxsa biz başqa vasitələrdən də istifadə edə bilərik? Bu səbəbdən qısamüddətli təlim kurslarının keçirilməsi də diqqətimizdədir. Eyni zamanda rayonlarda iş yerindən ayrılmamaq şərtilə həkimlərə təlim keçəcək master-trenerlərin hazırlanması üçün qurum yaradıla bilər. Peşəkarlıqdan danışırıqsa, burada mühüm meyarlar olmalıdır. Bu gün kim və hansı meyarlara əsaslanaraq bu və ya başqa həkimin yaxşı, yaxud pis olduğunu deyə bilər? Hazırda belə obyektiv meyarlar, demək olar ki, yoxdur. Onları hazırlamaq lazımdır. Özü də bu işin təşkilində beynəlxalq klinik standartlardan geniş istifadə olunmalıdır. Bunun üçün klinik protokollar, klinik tövsiyələr olmalıdır. Bütün bunlar olduqdan sonra hansı həkimin daha böyük üstünlük təşkil etdiyini söyləmək mümkün olacaq. Yəni klinik protokollardan, tövsiyələrdən istifadə edən, öz təcrübəsində beynəlxalq standartları tətbiq edən və ya etməyən həkimin yaxşı mütəxəssis olub-olmadığını, onun peşəkar hazırlığının səviyyəsini müəyyənləşdirmək daha asan olacaq.

Həkimlərin müasir standartlardan istifadə etməsinə nail olmaq üçün isə mütləq attestasiya və sertifikasiya keçirilməlidir. Bu ilin may ayından etibarən attestasiya prosesi “ixtisas dərəcələrinin verilməsi” adı altında bərpa olunub və iyun ayında həkimlər arasında dörd istiqamət (ginekologiya, cərrahiyyə, pediatriya və psixiatriya) üzrə birinci imtahan keçirilib. Bu proses könüllü xarakter daşıyır. Burada stimullaşdırıcı amillər tətbiq olunur-dərəcəni (kateqoriyanı) alan həkimlərin əməkhaqqı digərlərindən yüksək olur. Mən çox ümid edirəm ki, gələn ildən biz sertifikasiyaya da başlayacağıq. Sertifikasiya məcburi xarakterlidir. Bu iki proses həkimlərin peşəkar hazırlıq səviyyəsinə zəmanət olacaq. Gördüyünüz kimi, bizim bu şöbəmizin də qarşısında çox böyük işlər durur.

Mərkəzimizdə yaradılan layihələrin əlaqələndirilməsi şöbəsi isə səhiyyə sistemində müxtəlif beynəlxalq təşkilatlar və dövlət tərəfindən həyata keçirilən layihələri koordinasya etməklə məşğul olacaq. Bildiyimiz kimi, hazırda Azərbaycanın səhiyyə sistemində Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Ümumdünya Səhiyyə Təşkilatı, UNİSEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən böyük layihələr həyata keçirilir, bir sıra dövlət proqramları reallaşdırılır. Bu işlərin vahid mərkəzdən əlaqələndirilməsinə ehtiyac var. Bunlardan başqa, bizim əhalinin sağlamlığı adlı şöbəmiz də var ki, bu şöbə vətəndaşların sanitar maarifləndirilməsi, ayrı-ayrı xəstə qrupları ilə iş, əhalinin sağlamlığının monitorinqi və sair işləri həyata keçirəcək. Mərkəzin səhiyyədə informasiya texnologiyaları şöbəsi müasir informasiya və kommunikasiya vasitələrinin səhiyyə sistemində tətbiqi imkanlarını araşdıraraq, həyata keçirilməsi ilə məşğul olacaq. Həmçinin “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində səhiyyədə elektron sağlamlıq kartlarının tətbiqi üzrə proqramın reallaşdırılmasını da məhz bu şöbə aparacaq. Yüksək texnologiyaların tətbiqi şöbəsi isə ən müasir tibbi avadanlıqların tətbiqi istiqamətində çalışacaq. Bu gün minlərlə yeni avadanlıqlar istehsal olunur. Onların arasında doğru seçim edilməsi son dərəcə vacib məsələdir ki, bu da adıçəkilən şöbənin üzərinə düşəcək. Tibb müəssisələrinin tikinti, təminat və dizaynı üzrə məsləhət şöbəsi səhiyyə obyektlərinin müasir standartlara uyğun təmir olunması, tikilməsi və təchizatı sahəsində çalışacaq. Keçmiş Ailə Sağlamlıq Mərkəzindən bizə miras qalan ambulator və laboratoriya şöbələrində yenidənqurma işləri həyata keçiriləcək. Poliklinikanın bazasında pilot olaraq ailə həkimi klinikasının yaradılması nəzərdə tutulur. Oradan Həkimləri Təkmilləşdirmə İnstitutunun  Ailə təbabəti kafedrası üçün təlim bazası kimi istifadə olunacağı gözlənilir.

Ceyhun müəllim, necə hesab edirsiniz, səhiyyə sistemində qeyd etdiyiniz və etmədiyiniz istiqamətlərin hansılarında ilk növbədə daha dərin islahatlar başlanmalıdır?

Hazırda ölkənin səhiyyə sistemində Dünya Bankının krediti hesabına Səhiyyə Nazirliyinin böyük bir layihəsi həyata keçirilir. Bu layihədə istiqamətlər artıq dəqiqləşdirilib. Burada söhbət birinci növbədə resursların səmərəli istifadəsindən, səhiyyənin effektiv maliyyələşdirilməsindən, icbari tibbi sığorta məsələləri və ilkin səhiyyənin gücləndirlməsi islahatlarından gedir.

Dediklərinizdən aydın olur ki, mərkəzin qarşısında kifayət qədər geniş və yüklü vəzifələr qoyulub. Bunun öhdəsindən gəlmək üçün zəruri səviyyədə kadrları tapa biləcəksinizmi?

Siz bayaq bizim uğurlarımız və problemlərimizlə maraqlandınız. Əslində bunlar üst-üstə düşür. Mövcud şəraitdə güclü ictimai səhiyyə kadrlarını tapmaq çox çətindir. Bu, mərkəz üçün, şəxsən mənim üçün ən birinci problemdir. Bu eyni zamanda öhdəsindən gəlməyə çalışdığımız mühüm bir işdir. Mərkəzin əsasnaməsi iyun-iyul aylarında hazırlanaraq avqustun 8-də imzalanıb. Buraya yeni ştat cədvəli də daxildir. Təqdim etdiyimiz cədvəlin səhiyyə naziri tərəfindən təsdiqlənməsi bizim uğurumuzdur. Həmin cədvəldən görünür ki, mərkəzimizdə yalnız tibb işçiləri deyil, hüquqşünaslar, iqtisadçılar, memarlar, ekoloqlar, mühəndislər, psixoloqlar, sosioloqlar, jurnalistlər də çalışacaq. Mən əminəm ki, bu ştatların – komandanın yaradılması bizim uğurumuz üçün əla zəmin yaradacaq.

Aydın məsələdir ki, peşəkar və yüksək səviyyəli kadrlar tam təminatlı əməkhaqqı tələb edəcəklər. Bu baxımdan, mərkəzə ayrılacaq vəsaitlə qeyd etdiyiniz komandanı yığa biləcəksinizmi?

Mənə elə gəlir ki, artıq biz bəzi stereotiplərdən uzaqlaşmalıyıq. Yəni bizə lazım olan, qiymət verdiyimiz işçilərə mümkün qədər zəruri iş şəraitini yaratmaqdır. Digər tərəfdən, mərkəz müvəffəqiyyət qazanmaq üçün başqa formatda da işləməyə hazır olmalıdır. Yəni işçilərin bir qismini biz müqavilə əsasında da işə cəlb edə bilərik. Yaxud lazım olan mütəxəssisləri beynəlxalq təşkilatların bizə həvalə edilən layihələri vasitəsilə işə cəlb edə bilərik.

Bəs vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə etmək barədə düşünürsünüzmü? Bir sıra QHT-lər səhiyyə islahatları sahəsində kifayət qədər ciddi araşdırmalar aparırlar. Onlarla əməkdaşlıqda nə qədər maraqlısınız?

Mən bu işə başladığım ilk vaxtlardan QHT-lərlə əməkdaşlığa çalışmışam. Bir neçə QHT ilə konkret danışıqlarımız da olub. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərin yaratdığı alyansın nümayəndələri ilə kifayət qədər səmərəli görüşlərimiz də olub. Onlarla səhiyyə sistemindəki problemlərə yanaşmamızda yaxınlıq var. Hesab edirəm ki, bu yaxınlıq gələcəkdə də mühüm əməkdaşlığımızın dərinləşməsinə şərait yaradacaq.

Qısamüddətli dövrdə hansı işləri ilk növbədə reallaşdırmaq niyyətindəsiniz? Yəni yaxın vaxtlarda hansı yenilikləri gözləmək olar?

Əlbəttə, bütün problemlər aktual və həlli vacibdir. Lakin hazırda bizim ən böyük və zəruri işimiz kadr bankımızın yaradılmasıdır. Bundan əlavə, artıq icrasına başlanılan bir neçə layihə var. Bizim üçün o layihələrdə iştirak etmək çox vacibdir. Bunlar Dünya Bankının, Qlobal Fondun (AİDS və vərəmə qarşı), UNİSEF-in, Ümumdünya Səhiyyə Təşkilatının layihələridir. Bu layihələrdə iştirak bizim mütəxəssislər üçün bir məktəb, eyni zamanda beynəlxalq təşkilatların təcrübəsini öyrənmək üçün çox əlverişli imkandır. Daha bir vacib işimiz klinik protokolların tərtibidir. Əslində görüləcək işlərimiz çoxdur. Burada əsas amil yüksək səviyyəli kadrların fəaliyyətidir. Əminəm ki, o zaman böyük uğurdan danışmaq olar.