Əhalinin sağlamlığının mühafizəsində ilkin tibbi-sanitariya yardımının əhəmiyyəti | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 FEVRAL 2009

"Ailə Həkimi" jurnalı

Əhalinin sağlamlığının mühafizəsində ilkin tibbi-sanitariya yardımının əhəmiyyəti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslan dırılmasını həyata keçirir.

İlkin səhiyyə xidmətləri (İSX) əhalinin ehtiyaclarına uyğun və onlar tərəfindən istifadəsi mümkün olan, icmanın iştirakına əsaslanan, iqtisadi cəhətdən sərfəli və cəmiyyətin müxtəlif sektorlarının əməkdaşlığı ilə xarakterizə olunan qulluq ideyasını əks etdirir. Səhiyyə xidmətinin səviyyəsi nöqteyi‑nəzərindən İSX ilkin təmas nöqtəsidir və sağlamlıqla bağlı problemlərin əksəriyyətini əhatə edir. Bir fəlsəfə kimi “İSX sektorlararası yanaşma vasitəsilə fərd və cəmiyyətə ədalətli qulluğun çatdırılması ideyasını əks etdirir”.

Ümumi praktika həkimi (ailə həkimi) tərəfindən göstərilən tibbi yardımın yüksək effektivliyi və ümumi həkimlik təcrübəsi prinsipi üzrə təşkil olunmuş ilkin tibbi‑sanitariya yardımının (İTSY) iqtisadi səmərəliliyi bu sistemin sürətli inkişafının zəruriliyini sübut edir.

Ümumi praktika həkimi prinsipi üzrə əhaliyə ilkin tibbi‑sanitariya yardımının göstərilməsində islahatlar pasiyentin səhhəti ilə bağlı profilaktik tədbirlərin geniş tətbiqini və şəxsi məsuliyyətini nəzərdə tutur.

Ümumi praktika həkiminin fəaliyyətinin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, nəinki təhkim olunmuş bütün əhali ilə, eyni zamanda konkret şikayəti olmayan, həkimə müraciət etməyən (sağlam hesab edilən) əhali ilə də iş aparır.

Son illər həkimdən, fərdi xüsusiyyətlər və yaşayış şəraiti nəzərə alınmaqla, sağlam həyat tərzinin formalaşmasına dair məsləhətlər almaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artmış və artmaqda davam edir. Odur ki, ictimai səhiyyə insanın həyat potensialının yüksəlməsinə və ömrünün uzanmasına yönələn profilaktik proqramların tərtibinə hazır olmalıdır.

ABŞ‑da, Kanadada, Böyük Britaniyada aparılan müasir tədqiqatların analizi ümumi praktika həkiminin sağlam‑ lığın qorunması və həyatın davamlılığının təmin olunmasına dair fərdi və ailə proqramlarının tərtibində istifadə edilməli olan baza məlumatlarını müəyyən etməyə imkan verir.

Ailədə müsbət psixoloji mühitin formalaşmasına, eləcə də orqanizmin bu və ya digər fərdi xüsusiyyətlərinin aşkarlanmasına profilaktik proqramlarda böyük yer ayrılmalıdır. Ailədə və onun konkret üzvündə xəstəliyə meyllilik müəyyən edilərsə, ümumi praktika həkiminin məsləhəti koordinasiya seçimində mühüm rol oynayır.

Ailənin genetik və psixoloji durumu xəstələnmənin strukturunu, xəstəliyin gedişinin və proqnozunun xüsusiyyətlərini müəyyən edə bilər.

İlkin tibbi yardımın strateji əhəmiyyəti səhiyyə sistemi islahatlarının əsas məqsədlərindəndir. Avropada səhiyyə islahatları üzrə Lyublyana xartiyasında (Sloveniya, 9 iyun 1996‑cı il) qeyd edilir ki, ilkin tibbi yardımın inkişafı islahatların əsas prinsiplərindən biridir.

Ümumi praktika həkimi ilkin tibbi‑sanitariya yardımı çərçivəsində fəaliyyət göstərir.

1978‑ci ildə Alma‑Ata şəhərində, ÜST‑nın konfransında qəbul edilmiş Deklarasiyada ilkin tibbi‑sanitariya yardımının təsnifatı verilmişdir. İlkin tibbi‑sanitariya yardımı praktiki və elmi cəhətdən təsdiqini tapmış sosial yönümlü metod və texnologiyalara əsaslanan tibbi sanitar xidmətinin əhəmiyyətli hissəsi, milli səhiyyə sisteminin ayrılmaz hissəsi olaraq cəmiyyətin ümumi sosial və iqtisadi inkişafının əsas komponentidir. O, ayrı‑ayrı fərdlər, ailə və əhali qrup ları ilə milli səhiyyə sistemi arasında ilkin mərhələ olaraq, tibbi yardımı maksimal şəkildə yaşayış və iş yerinə yaxınlaşdıran, sağlamlığın qorunması prosesinin fasiləsizliyini təmin edən birinci elementdir. İlkin tibbi yardımın kompleks xüsusiyyəti ondan ibarətdir ki, o, özündə nəinki müalicə, həm də reabilitasiya, profilaktika və sağlamlığın möhkəmlənməsi tədbirlərini birləşdirir.

İlkin tibbi‑sanitariya yardımı sisteminin islahatlarının başlıca şərtlərindən biri səhiyyənin bütün maddi və maliyyə resurslarının maksimal dərəcədə qorunub saxlanılması, yəni fəaliyyət göstərən müalicə‑profilaktika müəssisələrinin dağıdılması deyil, onların funksiyaları, iş üsulları və maliyyələşdirilmə sisteminin dəyişdirilməsidir.

Ümumi praktika həkiminin fəaliyyətində aşağıdakılar başlıca rol oynayır:

Koordinasiya: Ümumi praktika həkimi ayrı‑ayrı fərdlərə və ailələrə müxtəlif səhiyyə xidmətlərinin göstərilməsində məsuliyyət daşıyır. Ümumi praktika həkiminin xidmətləri bütün səhiyyə sistemi çərçivəsində inteqrasiya olunmalıdır.

Məlumatlılıq: Ümumi praktika həkimi pasiyentin səhhəti ilə bağlı bütün məlumatları bilməlidir.

Əlçatanlıq: Ümumi praktika həkiminin xidməti pasiyentlərə istənilən vaxt əlçatan olmalıdır.

Resursların idarə olunması: Ümumi praktika həkiminin strateji mövqeyi səhiyyə resurslarının yönəldilməsinin idarə olunmasını təmin etməlidir.

Ümumi praktika həkiminin rolu sahə terapevti və pediatrlarının funksiyalarından fərqlənir. Terapevtlər və pediatrlar xəstələrin yarısından çoxunu dar mütəxəssislərə göndərirlərsə (bəzi hallarda xəstələr mütəxəssislərə birbaşa müraciət edirlər), ümumi praktika həkimləri daha çox yayılmış xəstəlikləri özləri müalicə edir, lazım olduğu hallarda pasiyentə dar mütəxəssis xidmətinin zəruriliyini müəyyən edirlər. Əldə olunan məlumatlara görə ümumi praktika həkimi tərəfindən dar mütəxəssislərə və stasionara göndərilən xəstələrin sayı sahə terapevtləri ilə müqayisədə iki dəfə azdır. Ümumi praktika həkimi dar mütəxəssislər tərəfindən pasiyentə göstərilən tibbi yardımın növlərini koordinasiya edir və müalicə tamam olandan sonra pasiyentə nəzarəti yenidən öz öhdəsinə götürür.

Beləliklə, ümumi praktika həkimi pasiyentə uzun müddət, bəzən isə ömür boyu xidmət edir. Bu, ümumi praktika həkiminə pasiyentlə daha yaxından tanış olmaq, onun yaşayış şəraitini daha yaxşı bilmək, xarici amillərin və həyat tərzinin pasiyentin sağlamlığına təsiri barədə məsləhətlər vermək imkanı yaradır.

Ümumi praktika həkiminin nüfuzu, onların əhali ilə sıx və etibarlı əlaqəsi pasiyentlərdə öz sağlamlıqlarına məsuliyyət hissinin yaranmasına zəmin yaradır.