"Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 28 FEVRAL 2023

www.aztibb.az

"Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, konfrans Səhiyyə Nazirliyi, İSİM, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.
 
Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi müvafiq dövlət qurumları və təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi olaraq, reproduktiv sağlamlığın qorunması istiqamətində xüsusilə gənclər arasında geniş maarifləndirmə aparır. Eyni zamanda, İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokollar əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir.
 
Qəhrəman Haqverdiyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi metodologiya üzrə ölkəmizdə keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC), STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan tədqiqat, ötən il 2022-ci ildə aparılan ÜST Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı, o cümlədən səhiyyə, təhsil və demoqrafik siyasətdə rast gəlinən problemlərin həllində mühüm əhəmiyyət kəsb edən Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) və əldə olunan nəticələr barədə məlumat verib.
 
Daha sonra Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili sektorunun müdiri Aynurə Zeynalova çıxış edərək ana və uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən söz açıb. Bildirib ki, doğuşayardım və perinatal yardımın regionlaşması üç səviyyəli prinsip əsasında təşkil edilərək regional perinatal mərkəzlər yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Bu, respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb.
 
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsinin hər zaman prioritet olduğunu qeyd edərək bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi, onların rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən daim ardıcıl işlər görülür, mühüm qanunlar qəbul edilir və bu sahədə islahatlar davamlı olaraq aparılmaqdadır.
 
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova isə çıxışında vurğulayıb ki, olkə rəhbərliyinin səhiyyənin bütün sahələrinə xüsusi diqqəti sayəsində tibbin bütün sahələrində olduğu kimi reproduktiv sağlamlıq sahəsində də yeni islahatlar aparılıb, müalicə və diaqnostik imkanlar genişləndirilib.
 
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fondun ölkəmizdə reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşıladırılması istiqamətində gördüyü işlər barədə məlumat verərək, regionda reproduktiv sağlamlıq üzrə vəziyyətin analizi və statistik rəqəmləri nəzərə çatdırıb.
 
Konfransda Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Təhsil müəssisələrində reproduktiv sağlamlığın təşviqi və mühafizəsində prioritet və hədəflər" mövzsunda çıxış edərək bildirib ki, şagirdlər arasında sağlam həyat tərzi, reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmənin aparılması məqsədilə Elm və Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə 8-9-cu sinif şagirdləri üçün reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait hazırlanıb. Müşavir qeyd edib ki, bu il 8 fevral tarixindən etibarən bütün təhsil müəssisələrinə çatdırılması və vailideynlərin lazımi səviyyədə məlumatlandırılması, müvafiq təlimatlarla məşğələlərin keçirilməsinə nəzarətin təmin edilməsi kimi məsələlər nəzərdə tutulur.
 
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “Qadınların reproduktiv sağlamlıqla bağlı hüquqlarına müasir baxış və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə ali qanunvericiliyin qadınlar, uşaqlar üçün böyük imkanlar yaratdığını, onların hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi tədbirlər görüldüyünü, eyni zamanda qadınların sosial durumunun yaxşılaşdırılması və ictimai fəallıqlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent, tibb üzrə fəlsəfə doktoru Aynura Əmirova isə reproduktiv sağlamlıq sahəsində milli strategiya üçün prioritet və hədəflər, antenatal qayğının təşkilinə müasir yanaşmalar və beynəlxalq təcrübədən söz açıb, mamalıq və ginekologiya sahəsində dünya elmində olan yeniliklər, müalicə və profilaktika sahəsində olan aktual hədəfləri diqqətə çatdırıb.
 
BMT-nin Uşaq Fondunun (UNICEF) Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova “Uşaqların reproduktiv sağlamlığının mühafizəsində UNICEF-in qlobal və regional prioritet və hədəfləri" barədə konfrans iştirakçılarına məlumat verib.
 
Tədbirdə Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim onkoginekoloqu Könül Mərdanova reproduktiv sağlamlıq və cinsi yolla keçən xəstəliklər, onların erkən diaqnostikası və skrininqi barədə danışdı və ölkəmizdə bunla bağlı statistik məlumatları diqqətə çatdırıb.
 
Konfransda cari il ərzində müvafiq sahədə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.